
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 illiyilə bağlı sabaha planlaşdırılan yubiley tədbiri təxirə salınıb.
Bu barədə Modern.az-a tədbirin təşkilatçılarından məlumat daxil olub. Təxirəsalmanının səbəbləri açıqlanmayıb.
Məlumatlara görə, səhiyyə orqanları ilə bağlı bəzi yeniklərin baş verməsi gözlənilir.
Yeri gəlmişkən, bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun da vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb.
Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 15 fevral 2016-cı il tarixində Nazirlər Kabineti yanında fəaliyyətə başlayıb. Ölkə Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə isə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik olan Agentlik əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb.

