
Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə
tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt”
üzrə Təqaüd Proqramına müraciət tarixi 1 mart saat 18:00-dək
uzadılıb.
Təqaüd proqramının əsas hədəfi gənclər arasında innovativ
düşüncə tərzinin formalaşdırılması, gənclərin potensialının üzə
çıxarılması və süni intellekt əsaslı texnologiyalarla işləmə
bacarıqlarının artırılması, innovasiya ekosisteminin
gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə
verməkdir. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin təqaüd
proqramından yararlanması nəzərdə tutulur.
Proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni
intellekt əsaslı texnologiyalar, data analitika və rəqəmsal
qərarvermə, proqramlaşdırma və proqram təminatı, rəqəmsal məhsul və
platforma bacarıqları, texnologiya əsaslı innovasiya və startap
bacarıqları üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı
əldə edəcəklər.
Qeyd edək ki, bugünədək təqaüd proqramına 1300-dən çox müraciət
daxil olub. Təqaüddən yararlanmaq istəyən 18-29 yaş arası və İT
sahəsi üzrə baza biliklərinə sahib gənclər
https://youthfoundation.az/taqaudproqrami/ linki vasitəsilə
müraciət edə bilərlər.

