
Bakı. Trend:
Son dövrlərdə Azərbaycan cəmiyyətində müəyyən şəxslərin
fəaliyyəti xarici diplomatların və siyasi mərkəzlərin diqqətini
çəkir. Ramiz Mehtiyev həlqəsi daraldıqca formalaşmış “yeraltı
sistem” çöküş mərhələsinə qədəm qoyur. Bu proses özünü daha çox
xarici ölkələrin təsir dairəsində olan şəxslərin son günlər
müşahidə olunan intensiv fəaliyyəti və çirkin ritorikasında
göstərir.
Özünü insan hüquqları müdafiəçisi kimi təqdim edən Emin və
Mehman Hüseynov qardaşları ətrafında formalaşan beynəlxalq himayə
mexanizmi ciddi suallar doğurur.
Normal halda hər hansı vətəndaşın ABŞ, İsveçrə, Polşa və digər
səfirliklərə sərbəst girib-çıxması mümkün deyil. Bunun fonunda
Hüseynovların diplomatlarla əlaqələrinin intensiv olması və onlara
xüsusi himayə göstərilməsi adi humanitar yardım çərçivəsini aşır.
200 min manatdan çox vergi borcu olan bir şəxsin xarici diplomatik
binada uzun müddət gizlədilməsi və fərdi razılaşmaların aparılması
bunun nümunəsidir.
Məsələni daha da diqqət çəkən edən fakt İsveçrənin o zamankı
xarici işlər naziri Didier Burhalterin Emin Hüseynovu şəxsi
təyyarəsi ilə ölkədən çıxarmasıdır. Diplomatiyada belə addımlar
yalnız strateji əhəmiyyət daşıyan şəxslərlə bağlı həyata keçirilir.
Hüseynovun ABŞ dövlət katibi Antoni Blinkenə “sadiq agent” kimi
təqdim olunması iddiaları da təsadüfi deyil. Onun fəaliyyəti
ardıcıl şəkildə Azərbaycan dövlət institutlarını hədəf alan
narrativlərin yayılması, ölkənin beynəlxalq imicinin zədələnməsi və
daxili sabitliyin şübhə altına alınması üzərində qurulub.
Eyni zamanda, İsveçrə və digər Qərb strukturlarının dünyada
humanitar fəlakətlərə selektiv yanaşması diqqət çəkir. Minlərlə
insanın aclıq və zorakılıqdan əziyyət çəkdiyi bölgələrdə müdafiə
mexanizmləri işə düşmədiyi halda, Emin Hüseynov kimi fiqurların
prioritetə çevrilməsi ikili standartların açıq göstəricisidir.
Bu kontekstdə Emin və Mehman Hüseynov qardaşlarının sadəcə fəal
vətəndaş olmadığı qənaəti formalaşır. Onlar xarici siyasi
mərkəzlərin Azərbaycana təsir alətlərindən biridir. Bu şəxslər
üzərində qurulan himayə sistemi, diplomatik resursların səfərbər
edilməsi və beynəlxalq platformalarda irəli sürülən anti-Azərbaycan
tezisləri bunu açıq şəkildə nümayiş etdirir. Nəticə etibarilə
söhbət tək bir şəxsdən getmir.
Burada məqsəd daha genişdir: informasiya müharibəsi aparmaq,
reputasiya zərbəsi vurmaq və daxili ictimai rəyə xaricdən müdaxilə
etməkdir. Emin Hüseynov kimilər sadəcə bu strategiyanın görünən
üzüdür. Onların fəaliyyəti və onlara göstərilən himayə xarici
patronajın Azərbaycan daxilində necə işlədiyinin aydın
nümunəsidir.

