
Bakı.Trend:
Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində yerləşən Yenikənd
su anbarı və ətraf ərazilərində bir müddət əvvəl aparılmış ekoloji
monitorinq və nəzarət tədbirləri zamanı bir sıra ekoloji qanun
pozuntuları aşkar olunub.
Trend xəbər
verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat
yayıb.
Bildirilir ki, qeydə alınan pozuntular su anbarında və ətraf
sahələrdə ekoloji tarazlığa mənfi təsir göstərməklə yanaşı, ətraf
mühitə, bütövlükdə ekosistemə zərər vurulması ilə
nəticələnirdi.
Yenikənd su anbarı və ətraf ərazilərində fasiləsiz müşahidələrin
aparılması və operativ nəzarət tədbirlərinin həyata keçirilməsi
məqsədilə pilot layihə çərçivəsində günəş bateriyaları ilə təchiz
edilmiş onlayn rejimdə işləyən 6 ədəd kamera quraşdırılıb. Görülən
tədbirlər nəticəsində ərazidə ekoloji qanunvericiliyə zidd
fəaliyyətlər aradan qaldırılıb, ətraf mühitə təsir göstərən neqativ
halların qarşısı alınıb. Hazırda ərazinin fasiləsiz müşahidəsi
həyata keçirilir.

