
Bakı. Trend:
Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
kollegiya iclası keçirilib.
Komitədən Trend-ə verilən məlumata görə, iclasda Kollegiyanın
üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur
bölmələrin rəhbərlərinin iştirak ediblər.
Bildirilib ki, regional bölmələrin fəaliyyəti barədə çıxışlarda
bölgələr üzrə dini durum, dini icmaların aktivliyi, dini
maarifləndirmə tədbirlərinin effektivliyi və qarşıda duran
çağırışlar barədə məlumat verilib.
Kollegiya iclasında yas mərasimlərində israfçılığın aradan
qaldırılması üçün cəmiyyətdə ümumi konsensusun əldə olunmasının
zəruriliyinə toxunulub.
Qeyd olunub ki, Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin
keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən
ictimai təşəbbüsləri müsbət qiymətləndirir və bu cür təşəbbüslərə
dəstək verməyə davam edəcək.

