
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor
Szederkenyi və Pannon Universitetinin rektoru Janos Abonyinin
rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə görüş
keçirilib.
Görüş çərçivəsində AzMİU-nun rektoru, memarlıq doktoru,
professor Gülçöhrə Məmmədova ilə Pannon Universitetinin rektoru
Janos Abonyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandumda birgə elmi tədqiqat layihələrinin icrası, rəqəmsal
texnologiyalar və innovativ tədris metodları üzrə əməkdaşlıq, su
təsərrüfatı və ətraf mühitin idarə olunması sahəsində ortaq
təşəbbüslər, akademik mobillik, professor-müəllim və tələbə
mübadiləsi, eləcə də beynəlxalq konfranslar, simpoziumlar və
qısamüddətli təlim proqramlarının təşkili nəzərdə tutulur.
Rektor, professor Gülçöhrə Məmmədova çıxışında
Azərbaycan-Macarıstan münasibətlərinin strateji xarakter daşıdığını
vurğulayaraq, ölkə rəhbərləri arasında mövcud olan dostluq və
qarşılıqlı etimada əsaslanan münasibətlərin elm və təhsil sahəsində
də uğurla davam etdiyini bildirib.
Rektor qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti
artıq bir sıra Macarıstan universitetləri ilə əməkdaşlıq edir və
Pannon Universiteti ilə imzalanan memorandum bu əlaqələrin daha da
dərinləşməsinə xidmət edəcək. O, xüsusilə rəqəmsallaşma,
informasiya texnologiyaları, su təsərrüfatı və mühəndis
kommunikasiya sistemləri üzrə birgə layihələrin geniş perspektivlər
açdığını vurğulayıb.
Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi öz
çıxışında Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xətt üzrə
inkişaf etdiyini, bu münasibətlərin universitetlərarası əməkdaşlıq
üçün möhkəm zəmin yaratdığını bildirib. O, AzMİU-ya Macarıstan
universitetləri tərəfindən artan marağı xüsusi qeyd edərək, bu cür
əməkdaşlıqların akademik mobilliyə və birgə elmi təşəbbüslərə mühüm
töhfə verdiyini vurğulayıb.
Rektor Janos Abonyi AzMİU-da müasir çağırışlara cavab verən,
əmək bazarının tələblərinə uyğun ixtisasların tədris olunduğunu
bildirib. O qeyd edib ki, AzMİU-nun Mexanika və İnformasiya
Texnologiyaları fakültəsi, eləcə də Su təsərrüfatı və mühəndis
kommunikasiya sistemləri fakültəsi üzrə ixtisaslar Pannon
Universitetində mövcud olan tədris və tədqiqat istiqamətləri ilə
tam uyğunluq təşkil edir.
Rektor imzalanan memorandumun yaxın perspektivdə ikili diplom
proqramları, birgə elmi tədqiqat layihələri, professor-müəllim və
tələbə mübadiləsi səviyyəsinə yüksələcəyinə əminliyini ifadə
edib.
Görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib,
əməkdaşlığın yol xəritəsinin hazırlanması ilə bağlı təkliflər
müzakirə olunub. Xüsusilə AzMİU-nun mütəxəssislərinin Pannon
Universitetinə, eləcə də Macarıstan tərəfinin nümayəndələrinin
AzMİU-ya qarşılıqlı səfərlərinin təşkili ilə bağlı ilkin razılıq
əldə edilib.

