Ramiz Mehdiyev və əlaltıları: islahatlara qarşı çıxan köhnə elitanın uğursuz oyunu

Baş səhifə

Bakı.Trend:

Son günlər Azərbaycan ictimai-siyasi gündəmi Ramiz Mehdiyev və
onun ətrafında formalaşmış qeyri-formal siyasi şəbəkə ilə bağlı
yayılan istintaq materialları və media araşdırmaları fonunda ciddi
şəkildə dəyişib. Ortaya çıxan mənzərə təkcə ayrı-ayrı şəxslərin
fəaliyyəti ilə bağlı deyil, illərlə qurulmuş və bu gün də müxtəlif
formalarda yaşayan kölgə təsir sisteminin mövcudluğunu ortaya
qoyur. Bu sistemin mərkəzində Mehdiyev dayanır, onun ətrafında isə
Əli Kərimli, Qənimət Zahid, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və
digər fiqurlar bir növ siyasi və informasiya ötürücüsü rolunu
oynayır.

Uzun illər dövlət idarəçiliyində ən mühüm mövqelərdən birini
tutmuş Mehdiyev formal səlahiyyətlərini itirdikdən sonra siyasi
səhnədən çəkilmiş kimi görünsə də, faktiki olaraq onun təsiri
aradan qalxmayıb. Əksinə, müxtəlif kanallar vasitəsilə yenidən
təşkil olunmuş şəkildə davam etdirilib.

Son illər mediada və ictimai diskursda müşahidə edilən sistemli
narazılıq fonu, islahatların hədəfə alınması və ölkə rəhbərliyinə
qarşı yönəlmiş koordinasiyalı tənqid dalğası təsadüfi deyil. Bunlar
köhnə nüfuz sahiblərinin yeni reallıqlarla barışmaq istəməməsinin
nəticəsidir.

Xüsusilə diqqət çəkən məqam odur ki, bu fəaliyyət açıq siyasi
mübarizə formasında deyil, daha çox passiv müqavimət şəklində
aparılıb. Söhbət mitinqlərdən və ya birbaşa çağırışlardan getmir,
söhbət informasiya mühitində aparılan səssiz, amma davamlı
manipulyasiyadan gedir. İslahatlar ardıcıl şəkildə gözdən salınır,
yeni idarəetmə mexanizmləri etibarsız kimi təqdim edilir,
cəmiyyətdə qərarverici mərkəzlərə qarşı inamsızlıq yaradılır. Bu,
klassik destabilizasiya strategiyasıdır və o, birbaşa qarşıdurmadan
daha təhlükəlidir.

İstintaq materialları və araşdırmalar göstərir ki, Mehdiyev
ətrafında formalaşmış bu şəbəkə yalnız daxili siyasi narazılıqdan
qaynaqlanmır. Onun xarici güc mərkəzləri ilə kəsişən maraqları var.
Qonşu ölkənin xüsusi xidmət orqanlarının təsir dairəsində
formalaşmış əlaqələr bu şəbəkəyə əlavə güc verib və onu regional
geosiyasi oyunların bir hissəsinə çevirib. Xarici aktorlar üçün bu
cür daxili təsir kanalları son dərəcə qiymətlidir, çünki onlar bir
ölkəni xaricdən deyil, öz daxilindən yönləndirməyə imkan verir.

Beynəlxalq siyasi praktikada Ramiz Mehdiyevin bu davranış modeli
“latent influence preservation” – yəni vəzifədən getdikdən sonra
təsir şəbəkəsinin qorunması adlanır. Bu modeldə şəxs formal
hakimiyyətini itirsə də, real təsir imkanlarını saxlayır. O, media
üzərində qeyri-rəsmi nəzarət mexanizmləri qurur, dövlət aparatında
hələ də ona bağlı olan kadrlar vasitəsilə prosesləri izləyir və
ictimai rəyə lazım olan istiqamətdə müdaxilə edir. Bu kölgə təsir
mexanizminin ən təhlükəli tərəflərindən biri onun ictimai diskurs
üzərində qurduğu nəzarətdir. Ramiz Mehdiyev və onun şəbəkəsi formal
hakimiyyətdən kənarda qalsa da, informasiya məkanında aktiv olaraq
qalmaqla, xarici qüvvələrin maraqlarına uyğun tezislərin sistemli
şəkildə dövriyyəyə buraxılmasını təmin edib. Mehdiyev üçün Əli
Kərimli və onun siyasi mühiti bu mexanizmin ən vacib alətlərindən
biri olub. Dövlət daxilində itirilmiş rıçaqlar müxalifət və media
vasitəsilə kompensasiya olunub.

Bu nöqtədə əsas paradoks ortaya çıxır: özünü müxalifət kimi
təqdim edən bu qrup əslində köhnə sistemin davamıdır. Onların əsas
problemi mövcud hakimiyyət yox, aparılan islahatlardır. Çünki
islahatlar Mehdiyevin illərlə qurduğu patronaj və təsir şəbəkəsini
dağıdır, şəxsi loyallıqlar üzərində qurulmuş qeyri-formal
idarəetməni sıradan çıxarır. Buna görə də bu qrup dəyişikliklərə
qarşı mübarizəni demokratiya və azadlıq ritorikası altında aparır,
amma mahiyyət etibarilə keçmiş mövqelərini qorumağa çalışıb.

Ortaya çıxan tablo göstərir ki, Ramiz Mehdiyev və onun
ətrafındakı fiqurlar təkcə siyasi aktorlar deyil, köhnə idarəetmə
modelinin kölgədə qalmış mexanizmləridir. Bu mexanizmlər Azərbaycan
dövlətinin yenilənməsinə, institusional güclənməsinə və suveren
qərarvermə qabiliyyətinə qarşı işləyib. Bugünkü istintaq prosesi
təkcə hüquqi məsuliyyət məsələsi deyil, eyni zamanda dövlətin özünü
bu kölgə təsirlərindən təmizləməsi mərhələsidir. Çünki söhbət bir
neçə adın taleyindən yox, dövlətin gələcəyini kölgədən idarə etmək
istəyən bir sistemin tarix səhnəsindən silinməsindən gedir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir