
Bakı. Trend:
Qlobal siyasi gündəliyin əsas platformalarından biri sayılan
62-ci Münxen Təhlükəsizlik Konfransı üç gün davam edən intensiv
müzakirələrdən sonra yekunlaşıb. Konfrans çərçivəsində ölkəmiz
Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə təmsil olunub və
Azərbaycanın regional və qlobal təhlükəsizlik gündəliyində artan
rolu, strateji təşəbbüskarlığı, diplomatik nüfuzu ali müstəvidə
nümayiş etdirilib.
Bunu Trend-ə
politoloq Azər Qarayev bildirib.
O qeyd edib ki, dövlət başçısının geniş spektrli görüşləri və
beynəlxalq ekspert dairələri ilə dialoqları Azərbaycanın həm
regionda, həm də daha geniş geosiyasi məkanda etibarlı tərəfdaş və
fəal iştirakçı kimi mövqeyini daha da möhkəmləndirib:
“Dünyanın təxminən 120 ölkəsini təmsil edən minə yaxın
nümayəndə, o cümlədən 60-a yaxın dövlət və hökumət başçısı bu
mötəbər tədbir çərçivəsində bir araya gələrək geniş tərkibdə
toplandı. Forum beynəlxalq təhlükəsizlik arxitekturasının gələcəyi
baxımından xüsusi siyasi əhəmiyyət daşıyırdı. Bu mötəbər beynəlxalq
platformada Prezident İlham Əliyevin iştirakı Azərbaycanın qlobal
təhlükəsizlik gündəliyində artan rolunun və siyasi çəkisinin daha
bir təsdiqi oldu. Dövlət başçısının konfrans çərçivəsində keçirdiyi
çoxsaylı görüşlər və verdiyi müsahibələr Azərbaycanın regional və
qlobal proseslərin fəal iştirakçısı kimi mövqeyini daha da
möhkəmləndirdi. Bu iştirak, eyni zamanda, ölkənin yalnız regionda
deyil, daha geniş geosiyasi məkanda etibarlı tərəfdaş və
təşəbbüskar aktor kimi qəbul edildiyini bir daha nümayiş
etdirdi”.
Azər Qarayev bildirib ki, Prezident İlham Əliyevin müxtəlif
ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların
rəhbərləri, aparıcı siyasi və ekspert dairələrinin nümayəndələri
ilə keçirdiyi görüşlər Azərbaycanın strateji əhəmiyyətinin
artdığını aydın şəkildə ortaya qoyur.
“Bu təmaslar çərçivəsində regional təhlükəsizlik, enerji
təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də
postmüharibə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqlar
geniş şəkildə müzakirə olunur. Aparılan müzakirələr Azərbaycanın
təşəbbüslərinin beynəlxalq səviyyədə artan maraq və dəstəklə
qarşılandığını nümayiş etdirir”, – deyə politoloq bildirib.
Politoloq Prezident İlham Əliyevin konfrans çərçivəsində
keçirdiyi görüşlərə diqqət çəkərək bildirib ki, dövlət başçısının
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşərək
Azərbaycanın regional əməkdaşlıq və sabitlikdə fəal rolunu önə
çıxarması, ölkəmizin diplomatik nüfuzunu gücləndirir, tərəfdaşlıq
əlaqələrini daha yüksək səviyyəyə qaldırır və qarşılıqlı etimadın
beynəlxalq səviyyədə möhkəmlənməsinə töhfə verir.
“Bu görüş tərəflər arasında iqtisadi əlaqələrin
genişləndirilməsi və diplomatik təmasların gücləndirilməsi üçün
mühüm platforma oldu. Dövlət başçısı Cənubi Qafqazda sülh və
etibarlı tərəfdaşlıq mövqeyini vurğuladı və qarşılıqlı səfərlərin
təşkili imkanlarını müzakirə etdi. Görüş Azərbaycanın regional
təsirinin daha da artdığını nümayiş etdirdi.
Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə
aparılan görüşdə Prezident İlham Əliyev ikitərəfli münasibətlərin
strateji əhəmiyyətini vurğuladı və enerji, ticarət və mədəni
əməkdaşlıq sahələrində perspektiv imkanları müzakirə etdi”, – deyə
Azər Qarayev əlavə edib.
Politoloq onu da diqqətə çatdırıb ki, Bolqarıstan
Respublikasının Prezidenti İliyana Yotova ilə aparılan görüş
çərçivəsində iki ölkə arasında qarşılıqlı etimadın
möhkəmləndirilməsi üçün geniş perspektivlər üzərində fikir
mübadiləsi aparılıb: “Görüş zamanı enerji və ticarət sahələrində
ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin mədəni
və humanitar əlaqələrin genişləndirilməsi imkanları diqqət
mərkəzində oldu. Bu dialoq yalnız iki ölkə arasında əlaqələrin
keyfiyyətini artırmaqla kifayətlənməyib, həm də
Azərbaycan-Bolqarıstan münasibətlərinin Avropada etibarlı və
strateji tərəfdaş kimi qəbul olunmasının mühüm göstəricisi
oldu”.
Azər Qarayev həmçinin bildirib ki, Slovakiya Respublikasının Baş
nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə keçirilən
görüşdə tərəflər regional təhlükəsizlik çağırışlarını, geosiyasi
maraqları və həmçinin iqtisadi-siyasi sahələrdə qarşılıqlı
təşəbbüsləri müzakirə edərək, Azərbaycan-Avropa əlaqələrinin
strateji dərinliyini artırmaq, tərəfdaşlıq mexanizmlərini
möhkəmləndirmək və beynəlxalq arenada ölkəmizin nüfuzunu daha da
yüksəltmək istiqamətində mühüm nəticələr əldə ediblər:
“Bu dialoq Azərbaycanın Avropadakı strateji mövqeyinin
güclənməsi, tərəfdaşlıq əlaqələrinin sistemləşdirilməsi və
beynəlxalq səviyyədə nüfuzunun artırılması baxımından böyük
əhəmiyyət kəsb etdi.
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə aparılan
danışıqlar zamanı Prezident İlham Əliyev Azərbaycanın Avropa
İttifaqı ilə enerji təhlükəsizliyi, əməkdaşlığın gələcək
perspektivləri, xüsusilə enerji və iqtisadi təşəbbüslərin icrası,
eləcə də qarşılıqlı maraq doğuran digər sahələr ətrafında geniş
fikir mübadiləsi aparıb. Bu dialoq Azərbaycan-Avropa İttifaqı
münasibətlərinin dərinləşdirilməsi və Azərbaycanın Avropadakı
nüfuzunun daha da artırılması baxımından strateji əhəmiyyət
daşıyır.
Konfrans çərçivəsində keçirilən Ukrayna Prezidenti Volodimir
Zelenski ilə görüşdə Prezident İlham Əliyev regional təhlükəsizlik
çağırışlarını və enerji əməkdaşlığı perspektivlərini geniş şəkildə
müzakirə edib. Görüş zamanı Azərbaycan tərəfindən Ukraynaya
göstərilən humanitar dəstək yüksək qiymətləndirilib, tərəflər
diplomatik əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı etimadın
möhkəmləndirilməsi yollarını araşdırıb”.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin “Oracle”
korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə keçirdiyi
görüşdə Azərbaycanın rəqəmsal transformasiya strategiyası, süni
intellekt və texnologiya sahəsində apardığı islahatlar mövzusunda
geniş fikir mübadiləsi aparılıb:
“Tərəflər texnoloji innovasiyalar sahəsində əməkdaşlıq
imkanlarını və potensial birgə layihələri ətraflı müzakirə edib. Bu
dialoq Azərbaycanın beynəlxalq texnoloji arenada etibarlı tərəfdaş
və innovasiya təşəbbüskarı kimi mövqeyini gücləndirib və
investorların diqqətini ölkəmizin rəqəmsal iqtisadiyyat
potensialına yönəltməsinə şərait yaradıb.
Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet ilə
aparılan görüşdə Prezident İlham Əliyev Azərbaycanın Avropadakı
strateji mövqeyini, Cənubi Qafqazda sülhün və stabilliyin təmin
edilməsində oynadığı rolu diqqət mərkəzinə çıxarıb. Tərəflər
parlamentlərarası əməkdaşlıq imkanlarını, həmçinin regionda
sabitliyin gücləndirilməsi üçün qarşılıqlı təşəbbüsləri müzakirə
edib. Görüş Azərbaycan diplomatiyasının Avropadakı təsirini və
nüfuzunun daha da möhkəmlənməsində, ölkəmizin regiondakı sülh
təşəbbüslərinə verdiyi töhfənin diqqət önünə çıxmasında mühüm rol
oynayıb”.
Politoloq Azər Qarayev bildirib ki, Prezident İlham Əliyevin
“The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə
prezidenti Cared Kohen ilə görüşü Azərbaycan iqtisadiyyatının
beynəlxalq investorlar üçün cəlbediciliyini strateji
perspektivlərlə vurğulaması ilə yadda qalıb. Görüş zamanı qlobal
maliyyə və iqtisadi tendensiyalar, eləcə də maliyyə sektorunda
strateji əməkdaşlıq imkanları ətraflı şəkildə müzakirə edilib. Bu
dialoq ölkəmizin qlobal iqtisadi gündəliyə inteqrasiyasını
gücləndirib və beynəlxalq maliyyə dairələrində Azərbaycanın
nüfuzunun artmasında əvəzsiz rol oynayıb.
Politoloq onu da vurğulayıb ki, dövlət başçısının mühüm
görüşləri və beynəlxalq media qurumlarına verdiyi müsahibələr
Azərbaycanın mövqeyinin qlobal auditoriyaya birbaşa və aydın
şəkildə çatdırılması baxımından mühüm rol oynamaqla yanaşı, bu
müsahibələr vasitəsilə ölkənin həyata keçirdiyi müstəqil siyasət,
regionda formalaşan yeni geosiyasi konfiqurasiya, eləcə də
Azərbaycanın enerji və nəqliyyat sahəsində oynadığı strateji rol
beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb:
“Nəticə etibarilə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik
Konfransı çərçivəsindəki fəal diplomatik fəaliyyəti Azərbaycanın
beynəlxalq nüfuzunun daha da artmasına, ölkənin strateji
maraqlarının yüksək səviyyədə təqdim olunmasına və yeni əməkdaşlıq
perspektivlərinin formalaşmasına növbəti mühüm töhfədir. Bu iştirak
Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasında söz sahibi olan
dövlət kimi mövqeyinin ardıcıl şəkildə möhkəmləndiyini bir daha
təsdiqləyib”.

