Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir – Sevil Mikayılova

Baş səhifə

Bakı. Trend:

Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya
Respublikasına rəsmi səfəri iki ölkə münasibətlərində keyfiyyətcə
yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər
çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb, Serbiya-Azərbaycan
Strateji Şurasının ilk iclası keçirilib və enerji, investisiya,
nəqliyyat, eləcə də beynəlxalq platformalarda qarşılıqlı dəstək
məsələləri geniş müzakirə olunub.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova qeyd edib ki, iki ölkənin dövlət başçıları arasında
sıx münasibətlər mövcuddur:

“İki ölkə rəhbərləri arasında uzun illərdir davam edən şəxsi
etimad və dostluq münasibətlərinin dövlətlərarası əməkdaşlığın əsas
dayaqlarından biridir. Bakı və Belqrad beynəlxalq təşkilatlar
çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini
dəstəkləmək xəttini davam etdirib. Bu, iki ölkə arasında siyasi
həmrəyliyin institusional xarakter aldığını göstərir.

Prezidentin səfərinin əsas hadisələrindən biri
Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclası oldu. Tərəflər
gələcək üçün açıq planların mövcud olduğunu bəyan etdilər. Bu
planlar siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əlaqələrin
genişləndirilməsi, birgə investisiya layihələrinin reallaşdırılması
və enerji sahəsində dərinləşdirilmiş əməkdaşlığı əhatə edir.

İmzalanmış sənədlər əməkdaşlığın hüquqi bazasını
möhkəmləndirməklə yanaşı, konkret layihələrin icrasına keçidi
sürətləndirməyi hədəfləyir. Xüsusilə enerji və infrastruktur
sahəsində razılaşmalar praktiki nəticələr vəd edir”.

Deputat əlavə edib ki, bu səfərin mərkəzində energetika
dayanıb.

“Azərbaycan artıq Serbiyaya təbii qaz ixrac edir və tərəflər
həcmlərin artırılması barədə razılığa gəliblər. Bu qazın Serbiyada
elektrik enerjisinə çevrilməsi ölkənin daxili tələbatını ödəməklə
yanaşı, ixrac potensialı da yarada bilər.

Prezident İlham Əliyev Azərbaycanın hazırkı ixrac potensialının
2 giqavat olduğunu, 2032-ci ilə qədər əlavə 8 giqavat gücün əldə
ediləcəyini bildirib. Bu artım əsasən bərpaolunan enerji layihələri
hesabına təmin olunacaq və Avropa bazarına yönələcək. Bu kontekstdə
Serbiya ilə əməkdaşlıq həm enerji təhlükəsizliyi, həm də regional
şaxələndirmə baxımından əhəmiyyət kəsb edir.

Tərəflər Serbiyada birgə elektrik stansiyasının tikintisi
məsələsini nəzarətdə saxlamaq barədə razılığa gəliblər. Prezident
Əliyev Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır
olduğunu bəyan etdi. Bu, Serbiyada formalaşmış müsbət investisiya
mühitinin və aparılan islahatların nəticəsi kimi
qiymətləndirilməlidir.

Enerji istehsal güclərinin artırılması xüsusilə təbii resursları
məhdud olan ölkələr üçün strateji əhəmiyyət daşıyır. Bu layihə
Serbiyanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, Azərbaycan
üçün də Avropa istiqamətində yeni iqtisadi körpü rolunu oynaya
bilər”.

S.Mikayılova bildirib ki, Serbiya səfəri Azərbaycanın balanslı
və praqmatik xarici siyasət strategiyasının növbəti təzahürü kimi
dəyərləndirilir. Bakı həm Avropa məkanında tərəfdaşlıq əlaqələrini
genişləndirir, həm də enerji təhlükəsizliyi məsələsində etibarlı
təchizatçı imicini möhkəmləndirir.

“Azərbaycanın enerji ixracının şaxələndirilməsi, bərpaolunan
enerji layihələrinin sürətləndirilməsi və regional nəqliyyat
dəhlizlərinin inkişafı ölkənin beynəlxalq iqtisadi mövqeyini
gücləndirir. Serbiya ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi
bu siyasətin tərkib hissəsi kimi çıxış edir.

Gözlənilir ki, bu il ərzində qarşılıqlı səfərlər davam edəcək və
imzalanmış sənədlərin icrası üzrə konkret yol xəritələri
formalaşacaq.

Beləliklə, fevralın 15-də baş tutan səfər Azərbaycan-Serbiya
münasibətlərində sadəcə diplomatik protokol hadisəsi deyil, enerji,
investisiya və siyasi koordinasiya baxımından strateji mahiyyət
daşıyan dönüş nöqtəsi kimi tarixə düşür”, – deyə deputat fikrini
tamamlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir