
Bakı. Trend:
İngiltərənin paytaxtı Londonda yerləşən Britaniya Milli
Kitabxanasında “21 Fevral – Beynəlxalq Ana Dili Günü”nə həsr olunan
tədbir keçirilib. Tədbir Britaniya Azərbaycanlıları Cəmiyyəti və
cəmiyyətin nəzdində fəaliyyət göstərən Qarabağ Məktəbinin birgə
təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi ilə baş tutub.
Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Açılış nitqi ilə çıxış edən məktəbin rəhbəri Fəridə Pənahova
tədbirin əsas məqsədinin Azərbaycan dilinin, milli kimliyin və
mədəni irsin qorunması və təbliğinə töhfə vermək olduğunu bildirib.
O həmçinin tədbirin təşkilinə və Qarabağ məktəbinin fəaliyyətinə
göstərilən dəstəyə görə komitəyə təşəkkür edib.
Qarabağ Məktəbinin Azərbaycan dili müəllimi və “Bülbül” ana dili
kitabının müəllifi Emiliya Cəbrayılova çıxışında ana dilinin
uşaqların intellektual inkişafında, milli kimliyinin
formalaşmasında və tarixi kökləri ilə bağlılığının
möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Valideynlər-Ləman Ağası, İlahə Ocal, Ceyran Şirinova və Ülviyyə
Tağızadə övladlarına ana dilinin öyrədilməsinin və ailə daxilində
milli-mədəni dəyərlərin qorunmasının vacibliyini qeyd ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin birinci katibi Eltay
Aslanov da iştirak edib. O bu cür təşəbbüslərin xüsusi əhəmiyyət
daşıdığını söyləyib, ana dilinin milli kimliyin qorunmasında mühüm
rol oynadığını vurğulayıb.
Tədbir çərçivəsində uşaqlara “Azərbaycan” sözünü eşitdikdə nəyi
xatırladıqları barədə sual ünvanlanıb. Uşaqlar bu suala qürurla
Azərbaycan bayrağı cavabını veriblər. Daha sonra şagirdlər Dövlət
bayrağımızın rəsmini çəkiblər, “Bülbül” kitabının “Özün rənglə”
bölməsində milli ornamentlərimizin şəkli olan səhifələri
rəngləyiblər. Onlar, həmçinin Azərbaycan dilində şeirlər və
mahnılar səsləndirib, “Tərəkəmə” rəqsini ifa edib, “Tıq tıq xanım”
animasiya filmini izləyiblər. Sonda komitə adından “Bülbül”
kitabının 20 nüsxəsi uşaqlara hədiyyə edilib.
Tədbirə Oksford, Kembric və Mançester şəhərlərindən Qarabağ
Məktəbində təhsil alan şagirdlərin ailələri də qatılıb. Əsasən
onlayn dərslərdə iştirak edən uşaqlar üçün canlı görüş xüsusi
əhəmiyyət daşıyıb. Tədbir həm şagirdlər, həm də valideynlər üçün
yaddaqalan anlarla zəngin olub, qarşılıqlı ünsiyyət və tanışlıq
baxımından mühüm rol oynayıb. Təşkilatçılar bu cür təşəbbüslərin
gələcəkdə də davam etdiriləcəyini bildiriblər.
Qeyd edək ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin (BAC)
2021-ci ilin sentyabrında təsis etdiyi onlayn Qarabağ məktəbi
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət
göstərir. Məktəb Azərbaycan dilinin, mədəniyyətinin və milli
irsinin xaricdə yaşayan azərbaycanlı uşaqlara aşılanması, eyni
zamanda bu dəyərlərin beynəlxalq aləmdə tanıdılması istiqamətində
mühüm töhfə verir.

