
Bakı. Trend:
Fevralın 16-da Bakı şəhərində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi və Gürcüstanın Xarici İşlər Nazirliyi arasında
növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, məsləhətləşmələrdə
Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstan
nümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər Nazirliyinin
Beynəlxalq hüquq, konsulluq və diaspor məsələləri direktoratlığının
direktoru Qiorqi Tabatadze rəhbərlik edib.
Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və
səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycan
Respublikasındakı səfiri Zurab Pataradze, Azərbaycan
Respublikasının Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin və Dövlət
Miqrasiya Xidmətinin rəsmiləri iştirak ediblər.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq
sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o
cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikir
mübadiləsi aparılıb.
Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının
qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə
müzakirələr keçirib, əməkdaşlığın intensivləşdirilməsinə dair
razılığa gəliblər.
Məsləhətləşmələrdə həmçinin Azərbaycanla Gürcüstan arasında
ədliyyə, miqrasiya, təhsil, sosial müdafiə və digər vacib sahələr
üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin
rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

