
Bakı. Trend:
Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin
zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət
olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumat
verilib.
Bildirilir ki, şagirdlərə ilkin tibbi yardım göstərilib,
dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit diaqnozu
qoyulub:
“Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən
araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb
olunub. İctimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq
bildirilib ki, dünən saat 13:00 radələrində Göygöl rayonu
ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın)
yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım
şöbəsinə hospitalizasiya olunub.
“Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion
qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi
yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən
şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb”.
Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil
məktəbindən isə sorğuya cavab olaraq dərs prosesi zamanı 10 nəfər
şagird özünü pis hiss etdiyi, dərhal xəstəxanaya çatdırıldıqları
bildirilib:
“Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsi
aparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində
müvafiq qurumlarla birgə araşdırma aparılır”, məlumatda qeyd
olunub.

