
Bakı. Trend:
Tibb müəssisələrində havanın bakterioloji müayinəsi xəstəxana
daxili infeksiyaların qarşısını almaq, dezinfeksiya tədbirlərinin
və havalamdırma sistemlərinin effektiv olduğunu,
sanitariya-gigiyenik vəziyyəti qiymətləndirmək məqsədilə həyata
keçirilir.
Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio” nun (93 FM) “Sağlam səhər”
efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin mikrobioloqu Qumru Qaibova açıqlayıb.
Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi Respublika
Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji
laboratoriyasında müayinələr aspirasiya üsulu ilə aparılır:
“Müayinə üsulunun üstünlüyü dəqiqliyinin yüksək olmasıdır. Tibb
müəssisələrindən hava nümunəsini Səhiyyə Nazirliyi Respublika
Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji
laboratoriyasının tibb personalı havasoran cihaz (Aspirator)
vasitəsilə götürür. İçərisində mühit olan petri kasası hava cihazın
daxilinə yerləşdirilir və müəyyən həcmdə hava (100-500 l) qida
mühitindən keçirilir. Havada olan mikroorqanizmlər qida mühitinin
üzərinə hopur. Götürülmüş hava nümunəsi Səhiyyə Nazirliyi
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji
laboratoriyasına gətirilərək, termostatda inkubasiya olunur. Əmələ
gələn kolonyalar sayılır və 1 kub metr havaya görə hesablanır.
Alınan nəticə sanitariya normalara uyğun olmalıdır”.
K.Misirzadə qeyd edib ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena
və Epidemiologiya Mərkəzinin tabeliyində olan ərazi Respublika
Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən plan üzrə tibb
müəssisələrdən götürülmüş hava nümunələrinin bakterioloji müayinəsi
zamanı çirklənmə aşkar edilərsə, müəssisə rəhbərinə xəbərdarlıq
edilir:
“Nöqsanların aradan qaldırılması üçün təkliflər verilir. Bu
təkliflərin icrasına nəzarət məqsədilə təkrar laborator müayinələr
aparılır”.

