
Bakı. Trend:
“Latsio” 2011-ci ildən bəri istifadə olunmayan “Flaminio”
stadionu üçün genişmiqyaslı yenidənqurma layihəsi hazırlayıb.
Trend klubun
mətbuat xidmətinə istinadən xəbər verir ki, layihəni İtaliya
təmsilçisinin prezidenti Klaudio Lotito təqdim edib.
Plana əsasən, tarixi binanın memarlıq irsi qorunmaqla müasir
xidmət və ticarət sahələri ilə bərpa edilməsi nəzərdə tutulub.
Təmirin dəyəri təxminən 480 milyon avro olaraq qiymətləndirilir.
Yeni stadion 50.570 tamaşaçı tutumuna malik olacaq, klub muzeyi,
ticarət məkanı, qonaqpərvərlik zonaları və müasir idman qurğularını
əhatə edəcək.

