Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma payladı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirinin
iqamətgahında xurma paylanması mərasimi keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Bildirilib ki, mərasimdə iştirak edən Krallığın ölkəmizdəki
səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan xalqını müqəddəs
Ramazan bayramı münasibətilə təbrik edib.

O bildirib ki, bu əlamətdar gün münasibətilə Səudiyyə Ərəbistanı
Krallığı qardaş Azərbaycan xalqına Ramazan bayramı sovqatı olaraq
ümumilikdə 5 ton xurma hədiyyə edir. Onun sözlərinə görə, bu
humanitar aksiya Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri və
İrşad Nazirliyinin rəhbərliyi altında həyata keçirilir və nazir
Əbdülkərim bin Əbdüllətifin himayəsi ilə icra olunur.




Bildirilib ki, xurma paylanması İslam ənənələrində xüsusi yer
tutan mərasimlərdən biridir. Bu adət Ramazan ayı və anım
mərasimləri, xeyirxahlıq tədbirləri, eləcə də Həcc ziyarətindən
qayıdış zamanı Allahın nemətlərinə şükür və rəhmət diləyi niyyəti
ilə həyata keçirilir.

Səfir qeyd edib ki, gətirilən xurmanın böyük hissəsi Qafqaz
Müsəlmanları İdarəsinə təhvil veriləcək, qalan hissə isə Səudiyyə
Ərəbistanı səfirliyi tərəfindən Azərbaycan Respublikasının müvafiq
rəsmi qurumları vasitəsilə ehtiyac sahiblərinə paylanacaq.

Diplomat vurğulayıb ki, bu kimi humanitar proqramlar və xeyriyyə
təşəbbüsləri İslam dəyərlərinə, qardaşlıq və həmrəylik
prinsiplərinə əsaslanır, eyni zamanda, Səudiyyə Ərəbistanı ilə
Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq
münasibətlərinin bariz nümunəsidir. Bu proqram Səudiyyə Ərəbistanı
Krallığının təşəbbüsü ilə dünyanın 100-dən artıq ölkəsini əhatə
edir.

Diqqətə çatdırılıb ki, Səudiyyə Ərəbistanı Krallığının Kral
Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzinin himayəsi ilə yaxın
vaxtlarda növbəti mərhələdə daha 25 ton xurmanın Azərbaycana
göndərilməsi nəzərdə tutulur. Həmin partiya aidiyyəti üzrə
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə təhvil veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir