
Bakı. Trend:
İspaniya hökuməti son həftələrdə Ekstremadura və Əndəlüs
bölgələrində baş verən güclü fırtınalardan zərər çəkmiş əhali üçün
təxminən 7 milyard avro (8 milyard dollar) məbləğində maliyyə
yardımını təsdiqləyib.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
İspaniyanın büdcə naziri jurnalistlərə açıqlamasında bildirib
ki, yardım paketi fırtınalar səbəbindən təxliyə edilən 12 mindən
çox şəxsi əhatə edəcək və daşqınların evlərə, biznes subyektlərinə,
kənd təsərrüfatı və balıqçılıq sektoruna vurduğu ziyanın qismən
kompensasiyasına yönəldiləcək. Nazir əlavə edib ki, ekspertlərin
yekun hesabatlarından sonra ziyanın miqyası daha böyük olarsa,
əlavə vəsait ayrılması da mümkündür.
Kənd təsərrüfatı naziri Luis Planas isə açıqlamasında fırtınalar
nəticəsində ən azı 14 min hektar məhsul sahəsinin, o cümlədən
giləmeyvə, sitrus meyvələri və zeytun bağlarının zərər gördüyünü
bildirib.
Dövlət hava agentliyinin məlumatına görə isə, ölkədə oktyabr
ayından bu yana yağıntı səviyyəsi normadan 38 faiz çox olub.
Qonşu Portuqaliyada isə hökumət ilkin hesablamalara əsasən
birbaşa bərpa xərclərinin 4 milyard avrodan çox olduğunu açıqlayıb.
“Kristin” fırtınasından sonra ölkədə yenidənqurma işlərinə dəstək
məqsədilə 2,5 milyard avro həcmində kredit və təşviq paketi
ayrılıb.
Qeyd edək ki, ilin əvvəlindən bəri İspaniya və Portuqaliya bir
neçə güclü fırtına ilə üzləşib. Təbii hadisələr nəticəsində
infrastruktur və kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib,
minlərlə insanın təxliyəsinə ehtiyac yaranıb.

