
Bakı. Trend:
Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan
müxtəlif dövlətlərlə ikitərəfli əməkdaşlıq əlaqələri yüksələn xətlə
inkişaf edir. Qarşılıqlı etimad mühitinin, dostluq münasibətlərinin
möhkəmləndirililməsi fonunda əməkdaşlığın coğrafiyasının
genişləndirilməsi üçün yeni imkanlar yaranır. Dövlət başçısı İlham
Əliyevin fevralın 15-də dost Serbiya Respublikasına rəsmi səfəri
həm iki ölkənin münasibətlərinin, həm də Azərbaycanın tərəfdaş
ölkələrlə əlaqələrinin inkişafına necə böyük önəm verdiyini nümayiş
etdirdi. Prezident İlham Əliyevin “Rəsmi səfərimin nəticələri özünü
çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə
görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin
üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə
dəfə görüşəcəyik – həm Azərbaycanda, həm də ola bilər, mən yenə
Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə
heyəti burada özlərini evindəki kimi hiss edirlər… Prezident
Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan!
Yaşasın Serbiya-Azərbaycan dostluğu!” fikirləri iki ölkənin
əlaqələrinin, liderlərin yaxın dostluq münasibətlərinin
təqdimatıdır.
Dövlət başçısı İlham Əliyevin bu fikirlərinin davamı olaraq
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirdi ki, Serbiya dost ölkə
Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə
olduqca israrlıdır. Biz bu məqsədə doğru gedəcəyik. Qarşımıza
çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman
onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Hər
dəfə Prezident İlham Əliyev ilə danışanda çox şey öyrənirəm, bir
çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış
bucağından müşahidə etməyə müvəffəq oluram. Aleksandar Vuçiç bunu
üçün dövlətimizin başçısı İlham Əliyevə təşəkkür etdi.
Bu fikirləri Trend-ə Milli
Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlham
Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində dövlət başçılarının
təkbətək görüşü, sənədlərin imzalanması mərasimi oldu, həmçinin iki
ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi,
liderlər mətbuata bəyanatla çıxış etdilər: “İki ölkə arasında
Strateji Tərəfdaşlıq Şurasının 1-ci islasında Serbiya Prezidenti
iclası ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsi kimi
dəyərləndirərək bunu belə əsaslandırdı ki, bu, ölkələrimiz arasında
münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə
siyasi iradənin bariz nümunəsidir. Şura Prezident İlham Əliyevlə
formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır.
Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda
görüşlər keçirir. Azərbaycan-Serbiya münasibətlərinin bütün
sahələrdə uğurlu inkişafından bəhs edən Aleksandar Vuçiç iki
ölkənin münasibətlərində əhəmiyyətli rol oynayacaq bu mühüm
hadisəni də diqqətə çatdırdı ki, yaxın zamanlarda Belqrad və Bakı
arasında birbaşa uçuşları açacağıq və aramızdakı təmaslar əvvəlki
dövrlə müqayisədə daha sıx olacaq. Azərbaycan xalqı hər zaman
Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə
bilər”.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan-Serbiya əlaqələri
sürətlə və dinamik inkişaf edir: “Azərbaycan və Serbiya strateji
tərəfdaşlardır. İki ölkənin əlaqələrinin müxtəlif istiqamətlər üzrə
inkişafında əhəmiyyətli rol oynayan, hüquqi baza olan sənədlər
arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə də var. Hər iki
ölkə sənəddə və əməldə bu yüksək statusa sadiqliyini göstərir.
Prezidentlər İlham Əliyev və Aleksandr Vuçiçin təkbətək görüşündə,
həmçinin Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında Azərbaycanla
Serbiya arasında energetika, investisiyalar, bərpaolunan enerji,
turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq
məsələlərinə diqqət yönəldildi. Azərbaycan və Serbiya dövlət
başçıları bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, konkret
layihələrin təqdim olunması ilə əlaqədar tapşırıqlar verdilər.
Dövlət başçısı İlham Əliyev Strateji Tərəfdaşlıq Şurasının 1-ci
iclasında vurğuladı ki, biz təkcə siyasi istiqamətdə, beynəlxalq
arenada sıx işləmirik, eyni zamanda, iqtisadiyyatlarımız,
sənayelərimiz üçün vacib layihələr icra edirik. Prezident
Aleksandar Vuçiç elektrik stansiyasının tikintisini qeyd etdi. Bu,
bizim enerji sektorunda əməkdaşlığımızı necə şaxələndirdiyimizin
vacib göstəricisidir. Biz qaz əməkdaşlığından başladıq, indi isə
növbəti mərhələyə – bu qazın yekun məhsul olan elektrik enerjisinə
çevrilməsi məqsədilə hər iki tərəf üçün maksimal səmərəliliklə necə
istifadə olunmasına keçid edirik. Bu, Azərbaycanın son illərdə
Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq”.
Millət vəkili bildirib ki, dünyada etibarlı tərəfdaş kimi nüfuz
qazanan Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı siyasəti,
fəlsəfəsi dəyişilməzdir: “Enerji resursları ölkələri və xalqları
ayırmalı deyil, birləşdirməli, rəqabət və ya toqquşmaya deyil,
regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir.
Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları
üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya
əsaslanmalıdır. Bərpaolunan enerjidən istifadə sahəsində də
liderliyini təmin edən ölkəmizin enerji diplomatiyasının əsasını
təşkil edən “Enerji təhlükəsizliyi təkcə marşrutların
şaxələndirilməsi deyil, eyni zamanda mənbələrin
şaxələndirilməsidir” təşəbbüsü dəstəklənir. 2023-cü ilin dekabrında
Prezident İlham Əliyev Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan
Qaz İnterkonnektorunun açılış mərasimində bildirmişdi ki, bugünkü
mərasim dostluq, strateji tərəfdaşlıq mərasimidir. Azərbaycanın qaz
ixracı coğrafiyası daha da genişlənir. İnterkonnektorun fəaliyyətə
başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə
verəcək.
Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı
genişlənməkdədir. Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir
və onların 10-u Avropa İttifaqının üzvüdür. Bunlar arasında Serbiya
da var. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan
dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat
sisteminə və müasir boru kəmərlərinə malikdir. Prezident İlham
Əliyev mətbuata bəyanatında bildirdi ki, bütövlükdə energetika
sahəsində əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir
müddət bundan əvvəl Serbiyaya təbii qazın ixracına başlamışıq və bu
gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya
ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz
elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı
üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün
Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata
bərabərdir. Bu rəqəm artacaq. Çünki indi bir çox bərpaolunan enerji
stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə
əməkdaşlıq etməyə hazırıq. 2032-ci ilə qədər əlavə 8 giqavat enerji
gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun
üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız
olmalıdır. Çünki əsas ixrac istiqamətimiz Avropa məkanıdır”.
Vüqar Rəhimzadə vurğulayıb ki, qarşılıqlı səfərlərin
əhəmiyyətini imzalanan sənədlər də təsdiqləyir: “Bu baxımdan
Prezident İlham Əliyevin Sebiyaya rəsmi səfəri də diqqətdə oldu. Bu
günədək iki ölkə arasında 57 sənəd imzalanıb. Dövlətimizin
başçısının bu səfəri zamanı imzalanan sənədləri də əlavə etsək bir
daha təsdiqlənir ki, tərəflər əməkdaşlığın müxtəlif sahələrdə
uğurla inkişafında maraqlıdır və bunu sözdə deyil, real addımlarda
nümayiş etdirir. Belə ki, Belqradda dövlət başçılarının iştirakı
ilə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq
Sazişi, qaz-turbin elektrik stansiyasının layihələndirilməsi,
tikintisi və idarə olunması haqqında Saziş, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiyanın İqtisadiyyat
Nazirliyi arasında Anlaşma Memorandumu, həmçinin media və
kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu,
2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq
Memorandumu, idman sahəsində Anlaşma Memorandumu, tibbi sığorta
sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalandı”.
Millət vəkili bildirib ki, qarşılıqlı səfərlər əlaqələrin daha
da möhkəmlənməsinə böyük töhfələr verir. Azərbaycan-Serbiya
əlaqələrinin gündəliyi genişdir. Gələcək planları aydındır. Hədəf
həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələri
daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq
təşkilatlar çərçivəsində bundan sonra da bir-birinin ərazi
bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə
layihələrini həyata keçirmək, energetika, nəqliyyat sahələrində
yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxmaqdır.

