
Bakı. Trend:
“Warner Bros. Discovery” (WBD) “Paramount Skydance” ilə
danışıqları bərpa etdiyini və potensial sövdələşmənin şərtlərini
təkmilləşdirmək üçün studiyaya bir həftə vaxt verdiyini
açıqlayıb.
Trend xəbər verir
ki, bu barədə şirkətin rəsmi açıqlamasında bildirilib.
Məlumata görə, “Warner Bros. Discovery” daha əvvəl “Paramount”un
səhmləri 30 dollardan geri almaq təklifini rədd etmişdi, lakin
hazırda şərtlərin yenidən nəzərdən keçirilməsi üçün 23 fevral
tarixinədək vaxt verib.
Mənbələrin bildirdiyinə görə, “Paramount” rəhbərliyi idarə
heyətinin sövdələşmə ilə bağlı danışıqlara qayıtmasına ümid edərək
təklifi səhm başına 31 dollara qaldırmağa hazır olduğunu bəyan
edib.
Danışıqların yeni mərhələsinə baxmayaraq, “WBD” səhmdarlara
dekabr ayında artıq razılaşdırılmış “Netflix” ilə müqaviləni
dəstəkləməyi tövsiyə etməkdə davam edir. Ümumi dəyəri 82,7 milyard
dollar olan bu razılaşma çərçivəsində yayım xidmətinin, film
studiyasının və “HBO” kabel kanalının satışı nəzərdə tutulur.
Qeyd olunur ki, səhmdarların fövqəladə yığıncağının keçirilməsi
planlaşdırılır və burada sövdələşmənin təsdiqlənməsi məsələsi
müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, dekabrın 5-də “Netflix” “Warner Bros.”u səhm
başına 27,75 dollara almağı planlaşdırdığını açıqlamışdı. Bu
razılaşmanın ümumi dəyəri 72 milyard dollar, şirkətin tam dəyəri
isə 82,7 milyard dollar olaraq qiymətləndirilmişdi.

