
Bakı. Trend:
Azərbaycan Balkan dövlətlərinin əksəriyyəti, o cümlədən
keçmiş Yuqoslaviya respublikaları ilə sıx siyasi-iqtisadi və
mədəni-humanitar əlaqələrə malikdir. Bu sırada respublikamızın
Serbiya ilə münasibətləri xüsusilə fərqlənir. Belə ki, Azərbaycanla
Serbiya etibarlı strateji tərəfdaşlar olmaqla yanaşı, həm də bütün
siyasi və iqtisadi müstəvilərdə bir-birlərinin maraqlarını
qətiyyətlə müdafiə edən dost dövlətlərdir.
Azərbaycan-Serbiya əlaqələrindən bəhs edərkən, əlbəttə ki, iki
dövlətin prezidentləri arasındakı səmimi və qarşılıqlı anlaşmaya
əsaslanan dostluğu xüsusi qeyd etməliyik. Çünki məhz prezidentlərin
dostluğu dövlətlərarası münasibətlərin də inkişaf edərək, ən yüksək
siyasi səviyyəyə çatmasına, dostluğa çevrilməsinə və dərin strateji
məzmun kəsb etməsinə səbəb olub. Fevralın 15-də Serbiyaya rəsmi
səfərə gələn Prezident İlham Əliyevin hava limanında Serbiya
Prezidenti Aleksandar Vuçiç tərəfindən şəxsən qarşılanması və yola
salınması, o cümlədən Prezident İlham Əliyevin təyyarəsini Serbiya
qırıcılarının müşayiət etməsi iki dövlətin və onların rəhbərlərinin
dostluğunun növbəti təcəssümünə çevrildi. Xatırladım ki, Prezident
İlham Əliyevin 2022-ci ilin noyabrında Serbiyaya rəsmi səfəri
zamanı da Prezident təyyarəsini bu ölkənin qırıcıları müşayiət
etmişdilər. Qonaq prezidentə ehtiram nümunəsi kimi motosikletçilər
dəstəsinin, atlıların müşayiət etməsi protokolda tez-tez rast
gəlinən hadisədir. Lakin qırıcıların havalandırılması qarşılanma
protokolunda çox nadir hallarda olur. Göründüyü kimi, Prezident
İlham Əliyev Serbiyaya hər səfərində dost kimi ən yüksək ehtiramla
qarşılanır və yola salınır.
İki dövlət arasındakı əlaqələrə gəldikdə, Azərbaycan və Serbiya
dərin strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrdir.
2013-cü ilin fevral ayında “Azərbaycan Respublikası və Serbiya
Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq
haqqında Bəyannamə”, 2018-ci ilin may ayında “Strateji tərəfdaşlıq
üzrə Birgə Fəaliyyət Planı”, 2022-cü ilin noyabr ayında isə
Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum
imzalanıb. Azərbaycanla Serbiya arasında ümumilikdə 57 sənədin
imzalanması onu deməyə əsas verir ki, əməkdaşlığın güclü hüquqi
bazası formalaşıb.
Strateji tərəfdaşlığın və yüksək siyasi dialoqun nəticəsidir ki,
Azərbaycanla Serbiya arasındakı əməkdaşlıq əlaqələrinin əhatə
dairəsi olduqca genişdir. Qarşılıqlı dəstək və etimad kimi sağlam
təməllər üzərində qurulmuş bu əməkdaşlıq ötən illərdə hərtərəfli
inkişaf edib və məzmunca zənginləşib. Bunu fevralın 15-də Belqradda
prezidentlərin iştirakı ilə keçirilən Azərbaycanla Serbiya arasında
Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında müzakirə olunan
məsələlər və mətbuata verilən bəyanatlar da təsdiq edir. Belə ki,
iclasda energetika, investisiyalar, bərpaolunan enerji, turizm,
kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq
məsələləri müzakirə olundu. Prezident İlham Əliyevin qeyd etdiyi
kimi biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx
işləmirik, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçün
vacib layihələr icra edirik.
Son beş ildə Azərbaycanla Serbiya arasında xarici ticarət
dövriyyəsi 15 dəfə artaraq 2025-ci ilin yekununda 135 milyon
dollara çatıb. Bu da təsdiq edir ki, dövlət başçılarının siyasi
iradəsinin və strateji tərəfdaşlığın nəticəsi olaraq iki ölkə
arasında əməkdaşlıq olduqca dinamik şəkildə inkişaf edib. Əlbəttə
ki, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfərinin nəticəsi
olaraq ikitərəfli əlaqələrdə yeni əməkdaşlıq sferaları yaranacaq,
qarşılıqlı ticari-iqtisadi dövriyyənin həcmi artacaq. Prezident
İlham Əliyevin Belqradda mətbuata açıqlamasında toxunduğu
məsələlər, xüsusən, Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə
yatırmağa hazır olduğunu bəyan etməsi də göstərir ki, iqtisadi
dövriyyə həm məzmunca, həm də həcmcə daha da yüksələcək. Eləcə də
bu ilin may ayından etibarən “Air Serbia” vasitəsilə Belqradla Bakı
arasında birbaşa reysin açılmasının planlaşdırılması turizmin
inkişafına töhfə verəcək.
Serbiya Azərbaycanın təbii qaz ixrac etdiyi 16 dövlətdən
biridir. Ümumiyyətlə, iki dövlətin energetika sahəsində əlaqələri
çoxşaxəli formatda inkişaf edir. Prezident İlham Əliyevin Belqrada
səfəri zamanı isə dövlət başçıları təbii qazın ixracının həcminin
artırılması barədə razılığa gəliblər. Respublikamızdan ixrac olunan
təbii qaz Belçikada tikintisi planlaşdırılan 500 meqavatlıq
elektrik enerjisi stansiyasının fəaliyyətini də təmin edəcək.
Azərbaycanın yaxından dəstəyi ilə inşa olunacaq bu elektrik
stansiyası respublikamızın son illərdə Avropada yatırdığı əsas
investisiya qoyuluşlarından biri olacaq. Bu elektrik stansiyasının
inşası göstərir ki, Azərbaycanla Serbiya arasında enerji sferasında
əməkdaşlıq yalnız təbii qazın ixracı ilə məhdudlaşmayacaq. Bu
əməkdaşlıq birgə istehsal kimi vacib sahəni də əhatə edəcək.
Bununla yanaşı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
Azərbaycan bərpa olunan enerji stansiyalarının tikintisi sahəsində
də Serbiya ilə əməkdaşlıq etməyə hazırdır.
Ümumiyyətlə, Belqradda müzakirə olunan məsələlər, prezidentlərin
mətbuata birgə bəyanatlarında səsləndirilən fikirlər Azərbaycanla
Serbiya arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm
qoymasından xəbər verir. Bu bəyanatlar göstərir ki, tərəflər yalnız
mövcud layihələrin icrası ilə kifayətlənməyərək, həm də
uzunmüddətli inkişafın və nəticəyönümlü əməkdaşlığın trayektoriyası
üzrə birgə yol xəritəsini müəyyən ediblər. Eyni zamanda, mətbuata
bəyanatla çıxışlarda toxunulan məsələlər göstərir ki,
Azərbaycan-Serbiya tərəfdaşlığı sıradan ikitərəfli siyasi-iqtisadi
münasibətlər deyil. Çünki bu tərəfdaşlıq enerji təhlükəsizliyi,
investisiya əməkdaşlığı və geoiqtisadi inteqrasiya kimi milli
maraqlar müstəvisində formalaşan məsələləri ehtiva edir.
Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkənin
strateji tərəfdaşlığının, o cümlədən, dövlət başçıları arasındakı
səmimi dostluq münasibətlərinin növbəti təzahürü oldu. Məlum olduğu
kimi, bu səfər həm də Serbiyanın milli bayramı olan Dövlətçilik
Gününə təsadüf etdi. Prezident İlham Əliyevin bildirdiyi kimi,
Azərbaycan və Serbiya dost ölkələrdir, bu dövlətin milli bayram
günündə rəsmi səfərin baş tutması yüksək münasibətlərin
təzahürüdür.
Bu səfər bir daha təsdiqlədi ki, Serbiya Azərbaycanın
Balkanlardakı yaxın dostu və etibarlı strateji tərəfdaşıdır.
Belqradda aparılan müzakirələr, paraflanan sənədlər münasibətlərin
mövcud inkişaf dinamikasını əks etdirməklə, yeni strateji
məqsədlərin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.
Ali səviyyəli qarşılıqlı səfərlər, dövlət başçıları arasındakı fəal
siyasi dialoq Azərbaycan-Serbiya əlaqələrini bundan sonra da
gücləndirəcək, əlaqələrin sürətlə inkişafına və strateji
tərəfdaşlığın daha da möhkəmlənməsinə böyük töhfə verəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

