
Bakı. Trend:
Amerika şirkətləri Azərbaycanın dəstəklənməsi məqsədilə neft-qaz
sektorunda öz rollarını genişləndirmək imkanlarını araşdırmağa
davam edirlər
Bunu Trend-ə
verdiyi özəl müsahibədə ABŞ Dövlət katibinin iqtisadi, enerji və
işgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr bildirib.
“Biz anlayırıq ki, Azərbaycanın neft-qaz sektoru artıq işlənmiş
Xəzər yataqlarında hasilatın maksimuma çatdırılmasına, eləcə də
daxili istehlak və ixrac üçün quruda və şelfdə yeni neft və qaz
mənbələrinin axtarışı və işlənməsinə yönəlib. Bu imkanlara 2025-ci
ildə “ExxonMobil” ilə SOCAR arasında qeyri-ənənəvi qurudakı
neft-qaz ehtiyatlarının tədqiqi, işlənməsi və hasilatı üzrə
imzalanmış Anlaşma Memorandumu daxildir. Həmçinin ixrac neft və qaz
kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması variantları
nəzərdən keçirilir. Amerika şirkətləri bu layihələrdə Azərbaycanın
dəstəklənməsi məqsədilə artıq əhəmiyyətli olan neft-qaz
fəaliyyətlərində öz rollarını genişləndirmək imkanlarını
araşdırmaqda davam edirlər”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Amerika
Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında
Xartiyanın mətnində Azərbaycanın regionun enerji təhlükəsizliyinin
təmin olunmasında strateji rol oynadığı bildirilir.
“Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi
Azərbaycan Respublikasının strateji əhəmiyyətini nəzərə alaraq,
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları neft, qaz və
elektroenergetika sektorları da daxil olmaqla enerji əməkdaşlığını
genişləndirmək niyyətindədirlər”, – deyə sənəddə qeyd olunur.
Tərəflər interkonnektorlar üzrə birgə layihələrin həyata
keçirilməsini, tədarük marşrutlarının şaxələndirilməsini və mülki
nüvə energetikası sahəsində əməkdaşlığın dərinləşdirilməsini
planlaşdırırlar.

