
Bakı. Trend:
Fevralın 15-də Belqradda keçirilən Azərbaycan–Serbiya Strateji
Tərəfdaşlıq Şurasının ilk iclası təkcə diplomatik hadisə deyil,
dövlətçilik anlayışının iki ölkənin siyasi kursunda necə mərkəzi
yer tutduğunu nümayiş etdirən mühüm platforma oldu.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışında
xüsusi vurğulanan məqamlar Bakı ilə Belqrad arasındakı
münasibətlərin situativ maraqlara deyil, dövlət maraqlarının
qorunması fəlsəfəsinə əsaslandığını göstərdi.
“Prezident İlham Əliyev çıxışına Serbiyanın Dövlətçilik Günü
münasibətilə təbriklə başlaması təsadüfi deyildi. Prezident İlham
Əliyev dövlət suverenliyinin qorunması uğrunda verilən qurbanları
xüsusi qeyd etdi və dövlət maraqlarının hər şeydən üstün
tutulmasını inkişafın əsas şərti kimi təqdim etdi. Bu yanaşma,
əslində, iki ölkə arasında ortaq siyasi düşüncə modelinin
mövcudluğunu göstərir. Dövlətçilik burada formal institut anlayışı
deyil, milli iradənin təcəssümüdür. Prezident İlham Əliyevin
Serbiyanın inkişafını məhz liderlik amili ilə əlaqələndirməsi də
diqqətçəkəndir. Prezident İlham Əliyev Serbiyanın təbii resurslara
malik olmamasına baxmayaraq iqtisadi uğurlar əldə etməsini
islahatlar və siyasi iradə ilə izah etdi. Bu qiymətləndirmə
dolayısı ilə Azərbaycanın öz inkişaf modelinə də işarə idi – güclü
siyasi rəhbərlik, sabitlik və uzunmüddətli strateji baxış.”
Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının Serbiyanın
Dövlətçilik Günündə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan
K.Qafarov bildirib ki, məhz bu faktın özü ölkələrimiz arasında
tərəfdaşlığın uzunmüddətli maraqlara xidmət edən siyasi xətt
olduğunu göstərir:
“Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, qərarların
icrası qısa müddətdə təmin edilməlidir. Bu isə münasibətlərin
deklarativ yox, praktik xarakter daşıdığını sübut edir. Birgə
bəyanatda beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam
etdirilməsi xüsusi vurğulandı. Bu, dövlət suverenliyinin qorunması
prinsipinin yalnız daxili siyasət məsələsi deyil, həm də xarici
siyasətdə əsas istiqamət olduğunu təsdiqləyir. Müasir geosiyasi
proseslərin sürətlə dəyişdiyi bir dövrdə belə prinsipial mövqe iki
ölkə arasında strateji etimadı daha da möhkəmləndirir. Beləliklə,
Belqraddakı görüş göstərdi ki, Azərbaycan–Serbiya münasibətlərinin
təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır. Bu fəlsəfə isə
siyasi sabitliyin, iqtisadi inkişafın və beynəlxalq arenada
müstəqil mövqenin əsas təminatıdır”.

