
Bakı. Trend:
Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun
bəyənilmədiyini özünə və ya kənar şəxslərə bildirmə ailə
qanunvericiliyinə zidd davranış hesab ediləcək.
Trend-in
qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə,
ər-arvadın hüquq, vəzifə və ailədə davranış qaydaları ailənin
möhkəmləndirilməsi, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı
yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata
keçirilməsi məqsədlərinə xidmət edir.
Belə ki, ailənin hər bir üzvü öz hüquqlarını həyata keçirərkən
və vəzifələrini yerinə yetirərkən digər üzvlərin hüquq və
azadlıqlarını pozmamalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün
birgə fəaliyyət göstərməlidir.
Təməl şəxsiyyət hüquqları ilə yanaşı, ər-arvadın ailə
münasibətlərindən doğan hüquq bərabərliyi, ailə daxilində
qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad,
məşğuliyyət, sənət seçmək və s. kimi şəxsiyyət hüquqları da vardır.
Bu hüquqların pozulması hərəkət və hərəkətsizlikdə ifadə oluna
bilər.
- Məsələn, məişət zorakılığına məruz qoyma, psixi və fiziki
şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi,
cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə
maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya
ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma,
hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional
cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya
kənar şəxslərə bildirmə), yaşadığı evdən qovma və ailə
qanunvericiliyinə zidd digər davranışlar.
Ər-arvaddan birinin boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuş
digər imkanlardan istifadə etməsi (məsələn, nikah dövründə
birgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dair
nikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər),
habelə nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən
bir sıra hərəkətlər (məsələn, arvada (ərə) maddi yardım və
qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad
münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və
s.) hüquqazidd əməl kimi qiymətləndirilə bilməz.

