
Bakı. Trend:
Almaniyanın kansleri Fridrix Mertz yetkinlik yaşına çatmayanlar
üçün sosial şəbəkələrdən istifadənin qadağan olunmasını
dəstəklədiyini bildirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Şlezviq-Holşteyn torpağının regional hakimiyyəti fevralın 20-də
keçiriləcək Xristian Demokratlar İttifaqı partiyasının qurultayı
üçün bu barədə müvafiq təklif hazırlayıb.
Təklifdə “Facebook”, “Instagram”, “TikTok” və digər
platformalardan istifadə üçün minimum yaş həddinin 16 olaraq
müəyyənləşdirilməsi və bunun məcburi yaş təsdiqi (verifikasiya) ilə
müşayiət olunması tövsiyə edilir.
Almaniya Federativ Respublikasının kansleri “Machtwechsel”
podkastında bildirib ki, o, sözügedən təklifə, eləcə də Almaniya
Sosial-Demokrat Partiyasının təşəbbüsünə böyük rəğbətlə
yanaşır.
“Məsələn, bu gün 14 yaşlı uşaqlar gündə beş və daha çox
saatlarını ekran qarşısında keçirirlərsə, onların sosiallaşması
yalnız bu vasitə üzərindən baş verirsə, gənclər arasında
şəxsiyyətin inkişafında çatışmazlıqlara və sosial davranış
problemlərinə təəccüblənməməliyik”, – deyə Mertz bildirib.

