
Bakı. Trend:
Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos bu il
Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Avropa Komissiyasından
məlumat verilib.
“Komissar Kos son vaxtlarda əvvəlcə Davosda, sonra isə Münxen
Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham
Əliyev ilə görüşdü. Biz təsdiq edirik ki, komissar bu il həm
Azərbaycana, həm də Ermənistana səfər etməyi planlaşdırır. Bu
səfərlər təsdiqləndikdən sonra, komissarın təqvimində onlar barədə
məlumat yayımlanacaq”, – deyə Avropa Komissiyasından
bildirilib.
Qeyd edək ki, Ermənistan KİV-də Marta Kosun bu ilin may ayında
Ermənistanda keçiriləcək I Ermənistan-Aİ sammitində iştirak edəcəyi
barədə məlumatlar yayılıb.
Xatırladaq ki, Marta Kos 2025-ci il sentyabrın 18-də Azərbaycana
səfər edib.
Səfər çərçivəsində komissar Azərbaycan hakimiyyəti ilə ümumi
strateji maraqları, o cümlədən energetika, nəqliyyat və humanitar
minatəmizləmə məsələlərini müzakirə edib. Səfər zamanı Avropa
Komissiyasının nümayəndəsi Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri
Mikayıl Cabbarov ilə görüşlər keçirib.
Komissar, həmçinin Ağdamı ziyarət edib və burada minaların
təmizlənməsi işlərində iştirak edən nümayəndələrlə görüşüb.

