
Bakı. Trend:
Əgər hamiləliyin ilk dönəmidirsə, yəni 12-13 həftəyədək (3
aylıq) hamilə qadında ürəkbunlanma, iştahsızlıq, bəzən qusma, baş
fırlanması, ümumi zəiflik olursa, bu normal sayılır və yüngül
toksikoz kimi qiymətləndirilir. Amma bayılma olarsa, (huşun
itməsi), günərzində 5-8 dəfə və daha çox qusma olarsa və qadın adi
suyu belə içə birmirsə, o zaman bu hamiləlik toksikozunun ağır
formasıdır.
Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti Nigar Axundova açıqlayıb.
Onun sözlərinə görə bu zaman hamilə qadın mütləq stasionarda
müalicə almalı, çünki bu ağır maddələr mübadiləsi pozulmalarına
gətirə bilər:
“Əgər hamilə qadın çox çəki alarsa (ayda 3 kilodan artıq),
şirniyyata meyillidirsə, yemək çox yeyir, suyu çox içərsə, bu bəzi
hallarda “hestasion diabet” (hamiləlik diabeti) kimi, ağırlaşmaya
gətirə bilər. Hamiləliyin 3-cü dönəmində arterial təzyiqin artması,
baş ağrısı, halsızlıq, bədəndə şişkinlik, sidiyin miqdarının
azalması, mədə nahiyəsində ağrı və yanma hissi, dəridə qaşınma və
s. kimi şikayyəti varsa bu hamiləliyin gec toksikozu –
preeklampsiyanın əlamətləri ola bilər. Belə olan halda stasionar və
ya ambulator müalicə üçün təcili müraciət edilməlidir. Həmçinin, bu
kimi hallar vaxtından əvvəl doğuşa səbəb ola bilər. Hamiləlik
dönəmində ayaqlarda və əllərdə şişkinlik və keyimə də ola bilər.
Belə hallar artıqca qan laxtalanması həkim tərəfindən
yoxlanılmalıdır. Məsləhətim budur ki, hər bir narahatlıqda həkim
tövsiyəsi vacibdir, nəinki qohum-qonşunun məsləhəti”.
Mütəxəssis-ekspert qeyd edib ki, hamiləliyin hansısa müddəti
olanda ümumi halsızlıq, üşütmə, iştahsızlıq, yuxululuq, dölün çox
hərəkət etməsi varsa, bu anemiya (qan azlığı) əlamətləri ola bilər.
Belə hallarda qadının və dölün səhhətində patoloji hallar inkişaf
edə bilər. Bundan əziyyət çəkən hamilələr vaxtından əvvəl doğuş,
azçəkili uşaq, ciftin ayırılması və qanaxma kimi fəsadlara məruz
qala bilər. Ona görə də hamilə qadın hər ay qanın ümumu analizini
verməli, qan azlığı olan hallarda isə qanda dəmir və ferritin də
yoxlanılmalıdır (həkim göstərişləri ilə), əlavə olaraq hematoloqun
tövsiyələri vacib ola bilər”.
N.Axundova sonda bildirib ki, bir başqa patoloji hal –
qalxanvari vəzin patologiyaları və hamiləlikdir:
“Biz, həkimlər TSH hormonun hamiləliyin I-ci dönəmində yoxlamağı
tövsiyə edirik. Əgər qadında bir patoloji durum yoxdursa,
endokrinoloq tərəfindən korreksiyaya da ehtiyac olmur. Lakin bəzi
hallarda qadınlar bu patoloji haldan xəbərsiz olur və autoimmun
tireoidit (Xaşimoto xəstəliyi), hipotireoz (tireoid hormon
çatmazlığı) və hipertireoz (tireoid hormonunun artması) kimi
hallarda endokrinoloq tərəfindən korreksiya olunmalıdır”.

