
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarət
əməliyyatlarının həcmi 417,8 milyon ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 38,3 milyon ABŞ dolları və ya 10,1% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 11,81%-i həcmində olub. Bununla da sözügedən
ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədə
qərarlaşıb.
Bu ilin yanvar ayında Azərbaycandan Çinə 10,2 milyon dollarlıq
məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə
9,065 milyon ABŞ dolları və ya 9,2 dəfə çoxdur.
Hesabat dövründə Çindən Azərbaycana isə 407,7 milyon ABŞ dolları
dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin
eyni dövrü ilə müqayisədə 29,2 milyon ABŞ dolları və ya 7,7% artım
deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox
məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə
3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%
azdır.
Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,
1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və
ya 36,5% azalıb.
Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%
azdır.

