
Bakı.Trend:
Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində soyğunçuluq
hadisəsi qeydə alınıb. Belə ki, zərərçəkən küçə ilə hərəkətdə
olarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığı
barədə polisə müraciət edib.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilir ki, Abşeron RPİ Mehdiabad Polis Bölməsinin
əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli
bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov
müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən daimi
müştərisi olduğu kişi salonuna gedib və söhbət əsnasında bərbəri
olan H.Cəfərova təqaüdünün köçdüyünü bildirib. Bunu eşidən həmin
şəxs zərərçəkəni yol boyu izləyərək ona zor tətbiq edib, başına
polietilen torba keçirməklə cibindəki pulu talayıb. Daha sonra isə
o, pulu narkotik vasitə almaq üçün şəxsiyyəti istintaqla
araşdırılan İran vətəndaşına onlayn yolla göndərib.
Faktla bağlı araşdırma aparılır.

