Büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamının gücləndirilməsi əsas prioritetdir – Nazir

Baş səhifə

Bakı. Trend:

Büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamının
gücləndirilməsi, şəffaflığın artırılması və xərclərin
optimallaşdırılması əsas prioritetlərdəndir.

Trend Maliyyə
Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Sahil Babayev
nazirlik yanında yaradılmış İctimai şuranın üzvləri ilə görüşündə
bildirib.

Görüşdə çıxış edən nazir Sahil Babayev vətəndaş cəmiyyəti
nümayəndələrini Maliyyə Nazirliyi yanında İctimai şuraya üzv
seçilmələri münasibətilə təbrik edib, onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir qeyd edib ki, bu gün dövlət qurumlarının fəaliyyətində
ictimai iştirakçılığın genişlənməsi ölkəmizdə uğurlu hüquqi dövlət
və demokratik cəmiyyət quruculuğunun mühüm təzahürlərindən biridir.
Bildirilib ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq
Maliyyə Nazirliyi yanında yaradılan İctimai şura da hüquqi aktların
qəbulu, Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı ictimai
nəzarətin təşkili və vətəndaş cəmiyyəti institutlarının iştirakının
təmin edilməsinə öz töhfəsini verəcəkdir.

Dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan
islahatlardan bəhs edən nazir Prezident İlham Əliyevin 25 avqust
2025-ci il tarixli Fərmanına əsasən rəqəmsallaşma və müasir
idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində mühüm tədbirlərin
həyata keçirildiyini bildirib. Qeyd edilib ki, Rəqəmsal Maliyyə
Mərkəzi və Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb,
13 əsas altsistemdən ibarət olan “Rəqəmsal dövlət maliyyəsi”
informasiya sisteminin Əsasnaməsi təsdiqlənib. Nazir vurğulayıb ki,
büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamının
gücləndirilməsi, şəffaflığın artırılması və xərclərin
optimallaşdırılması əsas prioritetlərdəndir. Bu çərçivədə dövlət
maliyyəsinə vahid və sistemli yanaşma tətbiq olunacaq, aidiyyəti
qurumlar arasında effektiv koordinasiya gücləndiriləcək.




Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin tərtibi, müzakirə
mərhələləri və icrası ilə bağlı ictimaiyyətin məlumatlandırılması,
habelə büdcə məlumatlarına əlçatanlığın təmin edilməsi məqsədilə
sistemli iş aparıldığını qeyd edən S.Babayev bildirib ki, bu
çərçivədə əsas büdcə sənədləri və məlumatları beynəlxalq
standartlara uyğun olaraq dərc olunur, “Vətəndaşın büdcə
bələdçisi”, habelə dövlət və icmal büdcələrin icrasına dair rüblük
və illik təqdimatlar hazırlanaraq ictimaiyyətə təqdim edilir.

Nazir əmin olduğunu bildirib ki, İctimai şura “İctimai
iştirakçılıq haqqında” qanundan irəli gələn vəzifələrini layiqincə
yerinə yetirəcək və bu əməkdaşlıq Maliyyə Nazirliyinin
fəaliyyətində şəffaflığın və hesabatlılığın daha da
gücləndirilməsinə xidmət edəcək.

Görüşdə çıxış edən İctimai şuranın sədri İnqilab Əhmədov
bildirib ki, Maliyyə Nazirliyi yanında İctimai Şura öz fəaliyyəti
ilə ictimaiyyətlə effektiv dialoqun qurulmasına, maliyyə sahəsində
aparılan islahatların dəstəklənməsinə, eləcə də ictimai
iştirakçılıq indeksinin artırılmasına və ölkənin maliyyə siyasəti
ətrafında müzakirələrin daha da genişləndirilməsinə mühüm töhfə
verəcəkdir.

İctimai Şuranın üzvləri – Nuriyyə Novruzova, Anar Əzizov, Elşad
Məmmədov, Mehdi Babayev, Əyyub Kərimli və Elman Sadıqov çıxış
edərək şuranın fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr
barədə fikirlərini bölüşüblər.

Sonda Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvlərinə
vəsiqələr təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir