
Bakı. Trend:
Son günlər Azərbaycan əleyhinə ritorikanın həm xaricdəki mühacir
dairələrində, həm də ölkə daxilində radikal qruplar arasında
paralel və sinxron şəkildə güclənməsi diqqət çəkir. Bu proses
zahirən təsadüfi təsir bağışlasa da, əslində informasiya məkanında
proksi qruplaşmaların fəaliyyət mexanizminin tərkib hissəsidir.
Burada söhbət ayrı-ayrı şəxslərin emosional reaksiyalarından yox,
müəyyən mərkəzlərə bağlı şəbəkə davranışlarından gedir.
Vaxtilə ölkə daxilində ciddi təsir rıçaqlarına malik olmuş Ramiz
Mehdiyev real güc imkanlarını itirdikdən sonra onunla əlaqəli
şəbəkənin xarici komponentlərinin önə çıxması bu kontekstdə
xüsusilə diqqətəlayiqdir. Məhz bu mərhələdə xaricdə fəaliyyət
göstərən Mehman Hüseynov və Emin Hüseynov kimi fiqurların
fəallaşması, ölkə daxilində isə Əli Kərimli ətrafında cəmləşən
radikal çevrələrin hərəkətə keçməsi müşahidə olunur. Bu aktivləşmə
ayrı-ayrı şəxslərin təşəbbüsü yox, şəbəkəvi dinamikanın nəticəsi
kimi ortaya çıxır.
Beynəlxalq təhlükəsizlik praktikasında bu cür modellər yaxşı
tanınır. Xüsusi xidmət orqanları və təsir şəbəkələri əsas fiqur
zəiflədikdə onun birbaşa əlaqələrini minimuma endirir və
əməliyyatları “cut-out” adlanan vasitəçilər üzərindən aparırlar.
Yəni real mərkəz görünməz qalır, ictimai təzyiq isə “jurnalistlər”, “vətəndaş fəalları” və mühacir platformalar vasitəsilə
formalaşdırılır. Bu mexanizm bir tərəfdən məsuliyyətin
yayındırılmasına, digər tərəfdən isə fəaliyyətin daha elastik və
təhlükəsiz icrasına imkan yaradır.
Bu baxımdan Mehdiyevin ev dustaqlığı dövründə Azərbaycan
əleyhinə informasiya fəallığının daha da intensivləşməsi ayrıca
interpretasiya olunur. Bu, klassik maskalama texnikasıdır: məqsəd
onun proseslərdən kənarda qaldığı təəssüratını yaratmaq, eyni
zamanda şəbəkənin fəaliyyətini fasiləsiz saxlamaqdır. Beləliklə,
mərkəz formal olaraq passiv görünür, amma təsir mexanizmləri dolayı
yollarla işləməyə davam edir.
Bu aktivləşmənin regional konyunktura ilə üst-üstə düşməsi də
təsadüfi deyil. Post-müharibə reallıqları fonunda Azərbaycanın
mövqelərinin möhkəmlənməsi, beynəlxalq səviyyədə nüfuzunun artması
və regionda maraqlı bəzi dövlətlərin təsir imkanlarının daralması
uzun illər formalaşmış, lakin artıq “yaşlanmış” təsir şəbəkələrini
sonuncu mərhələyə – “son hücum” fazasına keçməyə məcbur edib. Bu
mərhələdə məqsəd hərbi və ya siyasi qələbə yox, informasiya
mühitində davamlı gərginlik yaratmaq və dövlətçiliyin legitimliyini
aşındırmaqdır.
Belə şəbəkələr adətən məhz belə vəziyyətlərdə daha aqressiv və
səssizləşdirilməsi çətin formaya keçir. Onlar açıq mərkəzlərdən
yox, çoxsaylı kiçik platformalar, sosial şəbəkə hesabları, mühacir
resursları və “müstəqil fəal” imici yaradılmış fiqurlar vasitəsilə
işləyirlər. Nəticədə informasiya axını parçalanır, lakin mesaj
vahid qalır: Azərbaycan əleyhinə davamlı, emosional və legitimliyi
şübhə altına alan ritorika.
Mövcud mənzərə göstərir ki, informasiya məkanında baş verənlər
ayrı-ayrı şəxslərin spontan narazılığının təzahürü deyil. Bu, daha
çox koordinasiyalı proksi davranışlarının cəmi kimi çıxış edir.
Müxtəlif coğrafiyalarda yerləşən, fərqli statuslara malik olan
fiqurların eyni vaxtda eyni mövzular üzrə aktivləşməsi, eyni
ritorikadan istifadə etməsi və eyni auditoriyaları hədəfləməsi bu
qənaəti gücləndirir.
Bununla belə, bu cəhdlərin strateji xarakter daşımadığı da
bəllidir. Əksinə, bu fəaliyyət ifşa edilmiş və təsir imkanları
zəifləyən bir sistemin refleksiv reaksiyasıdır. Yəni söhbət
uzunmüddətli planlaşdırılmış hücumdan yox, mövqelərini itirən
şəbəkənin instinktiv müqavimətindən gedir. Belə reaksiyalar adətən
yüksək səs-küy yaratsa da, real güc balansını dəyişmək
qabiliyyətinə malik olmur.
Nəticə etibarilə, Azərbaycan əleyhinə son informasiya dalğası
daha geniş və köklü mexanizmin simptomudur. Bu mexanizm mərkəzin
gizlədilməsi, vasitəçilərin önə çıxarılması və informasiya
mühitində davamlı təzyiq yaradılması üzərində qurulub. Lakin
reallıq göstərir ki, bu cür “son hücum”lar əksər hallarda şəbəkənin
tükəndiyini və təsir imkanlarının artıq sistemli şəkildə
daraldığını göstərən əlamət kimi çıxış edir.

