
Bakı.Trend:
Parisdə Beynəlxalq Nəqliyyat Forumu (BNF) çərçivəsində Yol
Nəqliyyatı Qrupunun iclası keçirilib. Tədbirdə ölkəmizi Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyinin nümayəndələri təmsil ediblər.
Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)
məlumat yayıb.
Bildirilib ki, müzakirələr zamanı Avropa Nəqliyyat Nazirləri
Konfransı (EKMT) çoxtərəfli kvota sistemi üzrə görülən işlər və
gələcək prioritetlər nəzərdən keçirilib. Beynəlxalq yükdaşımaların
daha səmərəli təşkili, sistemin müasir tələblərə uyğunlaşdırılması
və dayanıqlı inkişafın təmin olunmasına dair fikir mübadiləsi
aparılıb.
İclasda EKMT çoxtərəfli kvota sisteminə yeni iştirakçıların
qoşulması qaydaları haqqında layihə sənədləri, 2027-ci ildən
etibarən sıfır emissiyalı nəqliyyat vasitələri üçün lisenziyaların
tətbiqi, o cümlədən EKMT rəqəmsal sisteminin funksionallığının
genişləndirilməsi istiqamətində mühüm irəliləyiş əldə edilib.
Azərbaycan nümayəndə heyəti bildirib ki, çoxtərəfli kvota
sisteminin coğrafi baxımdan genişləndirilməsi beynəlxalq nəqliyyat
əlaqələrinin gücləndirilməsi, daşımaların səmərəliliyinin
artırılması və icazələrin daha məhsuldar istifadə olunması üçün
strateji əhəmiyyət daşıyır. Bu dəyişiklik regionlararası
yükdaşımaları daha da asanlaşdıracaq, nəqliyyat dəhlizlərinin
səmərəliliyini artıracaq və qlobal təchizat zəncirlərinin
dayanıqlığını gücləndirəcək.
Eyni zamanda qeyd olunub ki, çoxtərəfli kvota sisteminin
genişləndirilməsi Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna
prezidentliyi çərçivəsində müəyyən etdiyi prioritet
istiqamətlərdəndir. İclasda üzv ölkələr bu məsələyə beynəlxalq
nəqliyyat əlaqələrinin inkişafı və daha inteqrasiya olunmuş
nəqliyyat sisteminin formalaşdırılması baxımından konstruktiv
yanaşmağa çağırılıb.

