
Bakı. Trend:
Kolumbiyanın ən qədim və aparıcı qəzetlərindən olan “El
Espectador”da dərc edilmiş “Yeni geosiyasi aktor” başlıqlı məqalədə
son illər qlobal siyasi mühitdə müşahidə olunan mürəkkəb və dinamik
proseslər fonunda Azərbaycanın mühüm geosiyasi aktor kimi diqqət
mərkəzinə düşdüyü vurğulanır.
Trend xəbər verir ki,
məqalədə ölkəmizin tarixinə qısa nəzər salınır, XIX əsrin
ortalarında paytaxt Bakı şəhərinin dünya neft sənayesinin mərkəzinə
çevrildiyi qeyd olunur. 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü
bərpa edərək uzun illər davam edən münaqişəyə son qoyduğu və bu
qələbə nəticəsində geosiyasi mövqeyini daha da gücləndirdiyi
bildirilir.
Yazıda Azərbaycanın coğrafi üstünlüklərindən və zəngin təbii
ehtiyatlarından geosiyasi, logistika və enerji sahələrində səmərəli
şəkildə istifadə etdiyi, Mərkəzi Asiya ilə Avropa arasında mühüm
tranzit ölkə rolunu gücləndirdiyi diqqətə çatdırılır.
Həmçinin ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi
balanslaşdırılmış xarici siyasət kursunun uğurlu nəticələrinə
toxunulur, Azərbaycanın müxtəlif regionlar və dövlətlər arasında
etibarlı körpü rolunu daha da möhkəmləndirdiyi qeyd edilir.

