
Bakı. Trend:
Azərbaycanda Ramazan ayı başlayıb.
Trend xəbər verir ki, Qafqaz
Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Ramazan ayının
başlaması münasibətilə fətvasında deyilir ki, bu il Ramazan ayının
1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edir.
Fətvada bildirilib ki, Ramazan təqvimi Azərbaycan xalqının
çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə
üst-üstə düşür. Tövsiyə edilib ki, çərşənbə axşamlarında açılan
Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazan
ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi
təqvim tərtib edib.
Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə, Ramazan
bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı
olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Ayın üfüqi
vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar
Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə
məlumat verəcək.

