Almaniyada prezident seçkilərinin tarixi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Almaniyada koalisiya hökuməti yeni prezident seçkisi üçün
Federal Məclisin (Bundesversammlung) 2027-ci il yanvarın 30-da
keçirilməsini planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə “Spiegel” jurnalına koalisiya hökumətində yer alan Birlik
bloku (CDU/CSU) və Sosial Demokratlar Partiyasından (SPD)
bildirilib.

Federal Məclisin toplantısı üçün daha əvvəl gündəmdə olan 14
fevral tarixi həmin həftəsonu 63-cü Münxen Təhlükəsizlik Konfransı
keçiriləcəyi üçün qəbul edilməyib. Nəşrin məlumatına görə, Kansler
Fridrix Merts də Münxen Təhlükəsizlik Konfransı ilə əlaqədar
prezident seçkisinin həmin həftəsonunda keçirilməməsinə önəm
verir.




Almaniyanın hazırkı Prezidenti Frank-Valter Ştaynmayerin ikinci
prezidentlik müddəti 2027-ci il martın 18-də başa çatacaq.
Konstitusiyaya əsasən, yeni Prezident seçkisi bundan ən azı 30 gün
əvvəl keçirilməlidir. Bunun üçün son tarix 2027-ci il fevralın
16-na təsadüf edir. Son illərdə Federal Məclisin iclasları adətən
şənbə və ya bazar günləri keçirildiyi üçün həmin vaxtdan əvvəlki
həftəsonu 63-cü Münxen Təhlükəsizlik Konfransı ilə eyni həftəsonuna
təsadüf edir. Ondan əvvəlki həftəsonu isə karnaval ilə əlaqədar
gündəmdən çıxır. Buna görə də SPD və Birlik bloku seçkini yanvarın
30-da keçirmək istəyir. Nəşr yazır ki, bu plan hələ müxalifətlə
razılaşdırılmayıb.

Federal Məclis Almaniya Prezidentini seçmək üçün yalnız bu
məqsədlə toplanan xüsusi qurumdur. O, Bundestaqın bütün
deputatlarından və onların sayı qədər federal əyalətlərin
parlamentləri tərəfindən seçilən nümayəndələrdən ibarət olur.
Əyalət nümayəndələri arasında siyasətçilərlə yanaşı, elm,
mədəniyyət, idman sahələrindən tanınmış şəxslər də yer alırlar.

Son vaxtlar ölkədə növbəti prezidentin qadın olması barədə
müzakirələrə də tez-tez rast gəlinir. Əsasən SPD və Yaşıllar
partiyalarından olan siyasətçilər bu barədə çağırışları yenidən
səsləndiriblər. Bu partiyalardan olan bəzi siyasətçilər növbəti
prezident üçün namizədin mütləq siyasətçi olması şərtini o qədər də
önəmli hesab etməyiblər. Qeyd edək ki, sabiq Kansler Angela
Merkelin seçkidə namizəd olacağı barədə bir neçə gün əvvəl bəzi
iddialar səsləndirilsə də, Kansler ofisi yayılan məlumatlar təkzib
etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir