
Bakı. Trend:
29 yanvar 2026-cı il tarixində Avropa İttifaqı və Azərbaycan
iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım
ataraq Naxçıvanda dəmir yolu layihəsinin texniki-iqtisadi
əsaslandırmasının birgə hazırlanacağını elan ediblər. Bu layihə
Aİ-nin “EC Global Gateway” təşəbbüsünün və bu yaxınlarda təqdim
olunmuş Regionlararası Qarşılıqlı Əlaqələndirmə Proqramının tərkib
hissəsidir. Proqramın məqsədi nəqliyyat, enerji, rəqəmsal
texnologiyalar və ticarət sahələrində dayanıqlı və etibarlı
əlaqələrin yaradılmasıdır.
Naxçıvanda dəmir yolu Transxəzər Nəqliyyat Dəhlizinin strateji
elementi olacaq və Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək. Avropa
Komissiyasının məlumatına görə, bu marşrutdan istifadə Avropa ilə
Mərkəzi Asiya arasında tranzit müddətini 15 günə qədər azaltmağa
imkan verəcək. Bu, təkcə logistikanın sürətləndirilməsi deyil, eyni
zamanda yeni iqtisadi axınların, ticarət və investisiya
imkanlarının, eləcə də region ölkələri arasında əməkdaşlığın
genişlənməsi deməkdir.
Azərbaycan üçün dəmir yolu layihəsi iqtisadiyyatın
şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, kənd ərazilərinin
inkişafı və regional əlaqəliliyin gücləndirilməsi baxımından mühüm
imkandır. Layihə əhali və yüklərin mobilliyinin artmasına,
nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə və daxili və
beynəlxalq ticarət üçün yeni marşrutların formalaşdırılmasına töhfə
verəcək.
Avropa İttifaqı üçün isə bu, ayrı-ayrı marşrutlardan asılılığın
azaldılması və Avrasiya ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi
imkanıdır, eyni zamanda regional sabitliyə dəstək deməkdir. Aİ
layihəni geosiyasi öhdəlikləri konkret infrastruktur həllərinə
çevirən alət kimi qiymətləndirir ki, bu da Cənubi Qafqazda sülh
əməkdaşlığının gücləndirilməsi fonunda xüsusi əhəmiyyət kəsb edir.
Transxəzər dəhlizi və Naxçıvan dəmir yolu digər Avrasiya ölkələri
üçün də faydalı ola biləcək regional inteqrasiya modelini
formalaşdırır.
Yeni nəqliyyat marşrutları Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi
Avropa ölkələrinə Avropa və Asiya bazarlarına daha sürətli
qoşulmağa imkan verir, logistika xərclərini azaldır və ixrac
axınlarının şaxələndirilməsi üçün yeni imkanlar açır. Bundan başqa,
layihə innovativ maliyyə alətlərinin tətbiqini və “yumşaq”
infrastrukturun – o cümlədən tənzimləmələrin uyğunlaşdırılması,
prosedurların standartlaşdırılması və mütəxəssislərin hazırlanması
– inkişafını stimullaşdırır ki, bu da dövlətlər və biznes arasında
uzunmüddətli əməkdaşlıq üçün platforma yaradır.
Beləliklə, Naxçıvanda dəmir yolu yalnız nəqliyyat funksiyası ilə
məhdudlaşmır. O, iqtisadi multiplikator effekti yaradır: tikinti və
logistika sahələrində yeni iş yerləri açılır, investisiyaların
cəlbi olunması, anbar infrastrukturundan rəqəmsal texnologiyalara
qədər tutmuş əlaqəldar sahələrin inkişafı. İqtisadiyyatın
şaxələndirilməsi və regional əlaqəliliyin gücləndirilməsi
Azərbaycan və qonşu ölkələrə rəqabət qabiliyyətini və iqtisadi
dayanıqlığını artırmağa kömək edəcək.
Naxçıvanda dəmir yolu layihəsi lokal infrastruktur təşəbbüsündən
daha geniş məna daşıyır. O, nəqliyyat və logistika sahəsinə
yönəlmiş strateji investisiyaların sülhü möhkəmləndirə, iqtisadi
imkanlar yarada və regional inteqrasiyanı təşviq edə biləcəyini
nümayiş etdirir. Belə yanaşma yalnız Azərbaycan və Aİ üçün deyil,
həmçinin Avropa ilə Asiya arasında tranzit dəhlizlərinin
inkişafında maraqlı olan bütün ölkələr üçün dayanıqlı iqtisadi
artım və sabitlik baxımından faydalıdır.

