Məktəb rəhbərliyi şagirddən Şəxsi kabinet məlumatlarını tələb edə bilərmi? – AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

Abituriyentlərin valideynləri məktəblərdə sinif rəhbərlərinin
şagirdlərin Şəxsi kabinetinə giriş üçün şəxsi məlumatları tələb
etməsindən şikayət edirlər. Onların sözlərinə görə, məktəb
direktorları bu məlumatları birbaşa deyil, sinif rəhbərləri
vasitəsilə abituriyentlərin DİM sistemindəki Şəxsi kabinetlərinə
giriş üçün toplayırlar.

Trend-ə mövzu
ilə bağlı açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib
ki, bu cür məlumatların tələb edilməsi qanunsuzdur:

“Məktəb rəhbərliyinin abituriyentlərdən bu məlumatları istəmək
hüququ yoxdur. Bu məlumatlar məxfi saxlanılmalıdır. Dövlət İmtahan
Mərkəzi də həmin məlumatların üçüncü şəxslərə ötürülməməsi barədə
xəbərdarlıq edir. Heç bir müəllim və ya məktəb abituriyentdən Şəxsi
kabinetə giriş məlumatlarını tələb edə bilməz.”

Təhsil eksperti qeyd edib ki, Şəxsi kabinet məlumatları DİM-in
rəsmi internet səhifəsində abituriyentin şəxsiyyət vəsiqəsi
əsasında yaratdığı fərdi hesabdır:

“Buraxılış imtahanı üçün məktəbin şagirdə verdiyi şəxsi
məlumatlar isə yalnız buraxılış imtahanında iştirak məqsədi daşıyır
və qəbul prosesi ilə əlaqəli deyil.




Ali təhsil müəssisələrinə qəbul prosesi — imtahanlarda iştirak,
ixtisas seçimi və digər mərhələlər — artıq tam şəkildə DİM-in
sistemində yaradılan Şəxsi kabinet vasitəsilə həyata
keçirilir”.

Dövlət İmtahan Mərkəzindən isə sorğumuza cavab olaraq bildirilir
ki, (DİM) sistemində yaradılan Şəxsi Kabinet yalnız DİM-in
xidmətlərindən istifadə zamanı tətbiq olunur:

“Şəxsi Kabinet ali təhsil müəssisələrinə qəbul imtahanları və
DİM-in təşkil etdiyi digər imtahanlar üçün nəzərdə tutulub.
Buraxılış imtahanlarında iştirak etmək üçün Şəxsi Kabinetdə
qeydiyyat tələb olunmur. Şəxsi Kabinetin istifadəçi adı və parolu
məxfi saxlanılmalı və üçüncü şəxslərə ötürülməməlidir”.

Məktəb rəhbərliyi DİM-in sistemindəki abituriyentin şəxsi
kabinetinə giriş parolunu istəyə bilərmi, və yaxud şagirdi müəllim “səni mən qeydiyyatdan keçirməliyəm” tələbi qoya bilərmi sualımıza
isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən
bildirildi ki, vətəndaşın icazəsi olmadan bu kabinetə daxil olmaq
yolverilməzdir:

“Şəxsi kabinet hər bir vətəndaşın şəxsi istifadəsi üçün nəzərdə
tutulub və onun icazəsi olmadan bu kabinetə daxil olmaq
yolverilməzdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir