
Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan arasında
Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair yeni Çərçivə Sənədinin
birinci və ikinci nəticə qruplarının iclasları keçirilib.
Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər
verir.
İnklüziv sosial-iqtisadi artım və insan inkişafı üzrə Birinci
Nəticə Qrupunun iclasında iqtisadiyyat nazirinin müavini Səməd
Bəşirli vurğulayıb ki, Azərbaycan dayanıqlı, inklüziv və innovativ
inkişaf hədəflərinə nail olunması baxımından BMT ilə işbirliyinə
mühüm önəm verir. Azərbaycan 30 ildən çoxdur ki, təşkilatla
əməkdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM)
həyata keçirilməsi istiqamətində ardıcıl addımlar atır. Qeyd edilib
ki, Azərbaycanda DİM-lərə uyğun olaraq rəqəmsallaşma, yaşıl enerji,
innovasiya prioritet sahələrdəndir. Xüsusilə, azad edilmiş
ərazilərdə ağıllı şəhər, ağıllı kənd və yaşıl enerji zonası
konsepsiyaları əsasında müasir infrastrukturun qurulması dayanıqlı
inkişaf öhdəliyimizi yerinə yetirməyə dair bariz nümunədir.
Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş Minalarla Mübarizə
üzrə 18-ci DİM təşəbbüsü isə davamlı inkişaf gündəliyinə mühüm
töhfədir.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi İqor Qarafulik
Azərbaycanın DİM-ə verdiyi önəm və bu sahədə atdığı konkret
addımları yüksək qiymətləndirib. Qeyd edib ki, təmsil etdiyi qurum
ölkənin bu istiqamətlərdə həyata keçirdiyi təşəbbüsləri
dəstəkləməyə davam edəcək.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Hande Harmancı
bildirib ki, Azərbaycanın səhiyyə və insan kapitalına yönəltdiyi
investisiyalar dayanıqlı inkişaf baxımından önəm daşıyır. Ölkədə
sağlamlıq sisteminin gücləndirilməsi və icmalara inklüziv
xidmətlərin göstərilməsi məqsədilə görülən işlərə Ümumdünya Səhiyyə
Təşkilatının dəstəyi ifadə edilib.
İclas çərçivəsində təşkil edilən sessiyalarda BMT-Azərbaycan
arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq dair Çərçivə Sənədinin
(2026–2030) təqdimatı keçirilib, həmçinin 2026-cı il üçün birgə iş
planları müzakirə olunub.
İqlimə dayanıqlılıq, yaşıl inkişaf və ədalətli keçid üzrə İkinci
Nəticə Qrupunun iclasında ekologiya və təbii sərvətlər nazirinin
müavini Umayra Tağıyeva, BMT-nin Azərbaycanda rezident
əlaqələndiricisi İqor Qarafulik, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) nümayəndəsi Nasar Hayat açılış nitqi ilə çıxış
ediblər. İclas çərçivəsində təşkil edilən sessiyalarda ətraf
mühitin qorunması və enerji keçidinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, 2026-2030-cu illər üzrə BMT ilə dayanıqlı inkişaf
üzrə əməkdaşlıq çərçivəsində hər Nəticə Qrupu ildə bir dəfə maraqlı
tərəflərlə görüşərək ötən ilin yekunlarını müzakirə edir, həmçinin
lazım gəldiyi təqdirdə, növbəti ilin planlarına və çərçivəyə
dəyişikliklər təklif edir.

