
Bakı. Trend:
Onlar yaxşı insanlardırlar, amma çətindirlər. Düşünürəm ki,
onlar dost olublar.
Trend-in məlumatına görə, bu
sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda
keçirilən ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistan Baş naziri Nikol Paşinyan haqqında danışarkən
söyləyib.
ABŞ Prezidenti bildirib ki, iki çox vacib ölkə arasında sülh
əldə edib və bunu heç vaxt unutmayacaq. “Sizə çox təşəkkür etmək
istəyirəm. Bu, sizin və yeni dostunuzun etdiyi əla bir şey idi.
…Biz bunu təxminən 24 saat ərzində həll etdik və bu, yaxşı bir
hissə oldu. Düşünürəm ki, onlar dostlaşıblar”, – deyə o əlavə
edib.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
dövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.
2026-cı ilin yanvarında Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək
TRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə proqramını
təqdim ediblər.
Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan
TRIPP layihəsinin inkişafına cavabdeh olaraq “TRIPP Development
Company” yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir.
Şirkətə layihənin ilkin olaraq 49 il müddətinə icrası hüququ
veriləcək. İrəvan “TRIPP Development Company”nin səhmlərinin 74
faizini Vaşinqtona təklif etməyi, 26 faizini isə özündə saxlamağı
planlaşdırır.

