
Bakı. Trend:
Azərbaycanda 2026-cı ildən etibarən İslam bankçılığı
məhsullarının tətbiqinə start verilməsi nəzərdə tutulub. Mərkəzi
Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində artıq ilk məhsulların
bazara çıxarılması prosesi başlayıb, paralel olaraq normativ-hüquqi
bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam edir.
Bunu Trend-ə
özəl müsahibəsində Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə
deyib.
Baş direktor müsahibəsində islam bakçılığı məhsullarının
Azərbaycan bazarına çıxarılması üzrə görülən tədbirlərdən, bu
istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliklərdən, güzəşt
mexanimzlərindən, beynəlxalq əməkdaşlıqdan və s. kimi məsələlərdən
bəhs edib.
Ş. Mahmudzadə əvvəlcə İslam bankçılığı məhsullarının Azərbaycan
bazarına çıxarılması üzrə artıq konkret addımların atıldığını
bildirib. O xatırladıb ki, Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi
çərçivəsində 02.02.2026-cı ildən etibarən növbəti 1 il müddətinə
“Rabitəbank” ASC tərəfindən İslam bankçılığı prinsiplərinə uyğun
olaraq hüquqi və fiziki şəxslərdən vəsaitlərin “Mudaraba” əsasında
cəlb edilməsini və həmin vəsaitlərin sahibkarlıq subyektlərinin
əsas vəsaitlərinin və dövriyyə mallarının “Murabaha” mexanizmi ilə
maliyyələşdirilməsi məhsulları artıq müştərilərə təklif olunur:
“Əlavə olaraq, cari ilin aprel ayından etibarən növbəti 1 il
müddətinə xüsusi tənzimləmə rejimi çərçivəsində “Azərbaycan
Beynəlxalq Bankı” tərəfindən rezident hüquqi şəxslərin və fərdi
sahibkarların daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar
əmlaklarının maliyyələşdirilməsi üzrə “Murabaha” məhsulunun
müştərilərə təklif olunması nəzərdə tutulur.
İslam bankçılığına dair qanunvericilik aktlarına təklif olunan
dəyişikliklər qüvvəyə mindikdən sonra “alternativ pəncərə” modeli
çərçivəsində banklar tərəfindən istehsal və ya tikinti üçün sifariş
əsaslı müqavilə növü – İstisna, satış-əsaslı (alğı-satqı)
maliyyələşmə növü – Murabaha, icarə əsaslı maliyyələşmə növü –
İjara (ənənəvi bankçılıq fəaliyyətində maliyyə lizinqinin analoqu),
bankla müştəri arasında mənfəət və zərərin bölüşdürülməsinə
əsaslanan maliyyələşmə (əmanət) növü – Mudaraba, tələbli depozitə
bənzər əmanət əsaslı – Vadiə, BOKT-lər tərəfindən isə yalnız
İstisna, Murabaha və İjaranın təqdim edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, AMB-nin İslam bankçılığı ilə bağlı qanunvericiliyə
dəyişiklikləri 2025-ci ilin sonunadək hökumətə təqdim etməsi
planlaşdırılırdı. Baş direktor hazırda Mülki Məcəllə, “Banklar
haqqında” Qanun və Vergi Məcəlləsi üzrə dəyişikliklərlə bağlı
görülən işlərdən də danışıb.
“Bu məsələ də vacib istiqamətlərdən biridir. Hazırda Mülki
Məcəlləyə, Vergi Məcəlləsinə, “Banklar haqqında”, “Bank olmayan
kredit təşkilatları haqqında”, “Dövlət rüsumu haqqında”, “Kredit
Büroları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunlarına təklif olunan müvafiq
dəyişikliklər hüquqi ekspertizaya təqdim edilib. Dəyişikliklər
layihəsinin ən qısa müddətdə hökumətə təqdim edilməsi
planlaşdırılır. Eyni zamanda Məcəllə və Qanunlara dəyişikliklər
layihəsinin qəbulundan sonra İslam maliyyə məhsullarının
tətbiqindən irəli gələn risklərin tənzimlənməsi məqsədilə növbəti
mərhələdə prudensial tənzimləmə çərçivəsinin müəyyən edilməsi
nəzərdə tutulur”, – deyə Ş. Mahmudzadə vurğulayıb.
Mərkəzi Bankın Baş direktoru İslam maliyyə əməliyyatlarının
ƏDV-dən azad edilməsi məsələsinə də toxunub.O qeyd edib ki,
alternativ (İslam) bankçılıq fəaliyyəti çərçivəsində göstərilən
maliyyə xidmətlərinin ənənəvi bankçılıq xidmətləri ilə eyni vergi
rejiminə bərabər tutulması və ənənəvi və alternativ bankçılıq
fəaliyyəti arasında vergi neytrallığının təmin olunmasına xidmət
edir. Ş Mahmudzadə bildirib ki, qeyd olunan məsələ hazırda
hazırlanmış qanunvericilik dəyişiklikləri layihəsində öz əksini
tapıb və bildirdiyim kimi yaxın zamanda layihənin aidiyyəti dövlət
qurumlarına təqdim edilməsi nəzərdə tutulur.
“İslam bankçılığı pəncərələri” və ya “alternativ pəncərə” modeli
çərçivəsində İslam bankçılığı məhsullarının təqdim edilməsi maliyyə
inklüzivliyinin artırılması ilə yeni müştəri seqmentinin cəlbi və
yeni məhsulların təqdim edilməsi vasitəsilə banklar üçün əlavə
gəlirin yaranmasını təmin edir. Eyni zamanda, əmanət növlərinin
genişlənməsi bankların likvidliyinin artmasına təsir edəcəkdir”, –
Mərkəzi Bankın Baş direktoru qeyd edib.
Ş. Mahmudzadə eyni zamanda Azərbaycanda tam İslam prinsipləri
ilə fəaliyyət göstərən bank olmadığını xatırrladıb və yaxın
perspektivdə tam İslam banklarının yaradılmasının
mümkün-olub-olmayacağına da aydınlıq gətirib:
“Model seçimi mərhələli yanaşma tələb edir. Artıq qeyd etdiyim
kimi, yaxın perspektivdə İslam bankçılığının tətbiqi “İslam
pəncərələri” modeli çərçivəsində nəzərdə tutulur. İslam banklarının
yaradılması məsələsinə isə növbəti mərhələdə ölkədə İslam maliyyə
məhsullarının tətbiqinin praktiki nəticələri və bazarın inkişaf
dinamikası nəzərə alınaraq baxıla bilər”.
Ş. Mahmudzadə ölkədə sukuk emissiyası ilə bağlı normativ bazanın
yaradılması üzrə atılan addımlardan da danışıb. O bildirib ki,
hazırda İslam İnkişaf Bankının dəstəyi ilə Mərkəzi Bank tərəfindən
İslam maliyyə aləti olan sukuk üzrə hüquqi çərçivənin yaradılması
istiqamətində texniki yardım layihəsi icra olunmaqdadır:
“Ənənəvi istiqrazlardan fərqli olaraq, sukuk xalis borc
münasibəti yaratmır, investorun konkret aktiv və ya layihə üzrə
payçılıq hüququnu ifadə edir və beləliklə maliyyələşməni real
iqtisadi fəaliyyətlə birbaşa əlaqələndirir. Bu xüsusiyyət onu
sahibkarlıq subyektləri üçün əlavə maliyyə resursları təmin edən,
investor etimadını gücləndirən və kapital bazarına çıxışı
şaxələndirən vasitəyə çevirir. Kiçik və orta biznes (KOB) üçün
sukuk maliyyə institutları vasitəsilə strukturlaşdırılmış
mexanizmlərdən istifadə edərək, resurslarının artmasına və
uzunmüddətli maliyyəyə çıxışın asanlaşmasına töhfə verə bilər.
İnfrastruktur layihələri baxımından sukuk uzunmüddətli və stabil
maliyyə mənbəyi təqdim etməklə enerji, nəqliyyat, sənaye və
daşınmaz əmlak kimi kapital tutumlu sahələrdə alternativ
maliyyələşmə kanalı yarada bilər. Beynəlxalq təcrübə göstərir ki,
layihə əsaslı sukuk strukturları iri infrastruktur layihələrinin
maliyyələşdirilməsində geniş tətbiq olunur və investorların
marağını cəlb etməklə maliyyə xərclərinin şaxələndirilməsinə imkan
verir”.
Ş. Mahmudzadə həmçinin qeyd edib ki, sukuk bazarının mümkün
yaranması fonunda beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq
normativ və institusional potensialın gücləndirilməsi, texniki
bilik və təcrübə mübadiləsinin aparılması baxımından əlavə imkanlar
aça bilər. O vurğulayıb ki, orta və uzunmüddətli perspektivdə bu
yanaşma Azərbaycanın regionda İslam maliyyəsi alətləri üzrə
imkanlarının mərhələli şəkildə genişlənməsinə və xarici investor
etimadının formalaşdırılmasına şərait yarada bilər.
Bundan başqa, AMB İslam maliyyəsinin inkişafında beynəlxalq
əməkdaşlığı prioritet istiqamət kimi müəyyənləşdirib. Ş. Mahmudzdə
bu istiqamətdə İslam İnkişaf Bankı, Pakistan və Malayziya kimi
ölkələrin təcrübəsi əsasında Azərbaycanda mümkün tənzimləyici
modellərin, şəriət nəzarəti mexanizmlərinin və kadr hazırlığı
proqramlarının tətbiqindən də bəhs edib. Onun sözlərinə görə,
beynəlxalq təcrübənin öyrənilməsi bu prosesdə vacib rol
oynayır:
“Belə ki, islam maliyyəsinin tətbiqi və inkişafı üçün
tənzimləyici və institusional çərçivənin formalaşdırılması ilə
yanaşı, bu sahədə zəruri bilik və bacarıqlara malik kadr
potensialının yaradılması əsas prioritetlərdən biri hesab olunur.
Bu məqsədlə Türkiyə, Pakistan, Malayziya kimi ölkələrin qabaqcıl
təcrübəsi öyrənilir, habelə İslam İnkişaf Bankı ilə əməkdaşlıq
çərçivəsində mütəmadi olaraq təcrübə mübadiləsi, bilik paylaşımı və
kadr hazırlığı proqramlarında iştirak həyata keçirilir və növbəti
mərhələlərdə də davam etməsi nəzərdə tutulur”.

