
Bakı. Trend:
UNEC Dizayn Məktəbində Layihə Əsaslı Öyrənmə (PBL) metodu üzrə
təhsil alan tələbələrin II hesabat-sərgisi təşkil olunub.
Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, Qarabağ
Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qırğız
Milli Universitetinin rektoru Dogdurbek Çontoyev və digər qonaqlar
iştirak ediblər.
İştirakçılar əvvəlcə dizayn tələbələrin əl işlərindən ibarət
zəngin sərgi ilə tanış olublar. Sərgidə ahıllar və əlliliyi olan
şəxsləri əhatə edən sosial layihələr, qrafik dizayn işləri,
rebrendinq və geyim nümunələri, ətraf mühitin qorunması, həmçinin
Qarabağın bərpası üçün hazırlanmış sosial yönümlü layihələr nümayiş
olunub. Tələbələrin Qarabağın bərpası məqsədilə hazırladıqları
ahıllar evi modeli, inklüziv ev, innovasiya kitabxanası və digər
layihələr xüsusi maraqla qarşılanıb.
Tədbirin açılışında çıxış edən Dizayn Məktəbinin direktoru,
dosent Lalə Məmmədova Layihə Əsaslı Tədris (PBL) yanaşmasının
tələbələrə qazandırdığı bacarıqlardan danışıb. O, PBL-in
tələbələrin tənqidi düşünmə, yaradıcılıq və komanda şəklində işləmə
bacarıqlarını inkişaf etdirdiyini, həmçinin real həyat
problemlərini həll etməyə hazırladığını vurğulayıb.
UNEC-in rektoru, professor Ədalət Muradov dizayn ixtisası üzrə
təhsil alan tələbələrin tədrisində tətbiq olunan PBL yanaşmasından
və əldə olunan müsbət nəticələrdən söz açıb. O vurğulayıb ki,
universitetin əsas məqsədi yalnız nəzəri bilik deyil, həm də
praktik bacarıqlara sahib, fərqli düşünməyi bacaran və cəmiyyətin
problemlərinin həllində fəal iştirak edən gənclər
yetişdirməkdir.
Rektor qeyd edib ki, Layihə Əsaslı Tədris yanaşması
gözləniləndən daha yüksək nəticələr verib. O sərgidə nümayiş olunan
layihələrin tələbələrin dərs prosesi zamanı icra etdikləri real
işlər olduğunu vurğulayıb.
Ə.Muradov tələbələrin layihələrdə ahıl və əlilliyi olan şəxslər,
eləcə də Qarabağın bərpası kimi aktual məsələlərə toxunduqlarını
yüksək qiymətləndirib: “Tələbələrimiz cəmiyyətdə mövcud olan
problemləri anlayırlar və onu həlli etməyə çalışırlar, bu da
onların fərqini, dəyərini göstərir. PBL yanaşması tələbələrimizin
daha güclü və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət
edir. Mən çox məmnunam ki, biz tələbələrimizə potensiallarını
reallaşdırmaq üçün əlverişli mühit yarada bilmişik”-, deyə rektor
bildirib.
Qarabağın bərpası mövzusunda irəli sürülən təşəbbüslərə xüsusi
diqqət ayıran Ədalət Muradov bildirib ki, universitet tərəfindən
tələbələrin layihələrinin reallaşdırılmasına hərtərəfli dəstək
göstəriləcək. O, sərginin Qarabağda da təşkil olunması təklifini
səsləndirərək, bu təşəbbüsün gənclərin sosial məsuliyyətini daha
geniş auditoriyaya çatdırmaq baxımından əhəmiyyətini
vurğulayıb.
Sonra UNEC-in Təhsil və təlim mükəmməlliyi şöbəsinin müdiri, PBL
layihəsinin koordinatoru, metodist Sənubər Səfiyeva çıxış edərək
PBL yanaşmasının üstünlüklərindən danışıb: “Sosial layihələrdə biz
cəmiyyətimiz üçün faydalı tədbirlər həyata keçiririk. Bu layihələr
gənclərimizə cəmiyyətin real problemləri ilə birbaşa üzləşmək,
empatiya bacarıqlarını inkişaf etdirmək və cəmiyyətin bir hissəsi
kimi özlərini hiss etmək imkanı verir”, – deyə bildirib.
Tədbir tələbələrin sosial faydalı qrafik dizayn layihələrinin
təqdimatları ilə davam edib.

