
Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) 2031-ci ilə qədər Azərbaycanın
nominal ümumi daxili məhsulunun (ÜDM) artımının davam edəcəyini
proqnozlaşdırır.
Trend BVF-ə
istinadən xəbər verir ki, bu artım əsasən qeyri-neft sektorunun
genişlənməsi hesabına baş verəcək və karbohidrogen hasilatında
davam edən zəifliyə baxmayaraq təmin olunacaq.
BVF-nin proqnozlarına əsasən, Azərbaycanın nominal ÜDM-i 2025-ci
ildəki 129,09 milyard manatdan 2026-cı ildə 132,47 milyard manata
yüksələcək. 2027-ci ildə göstəricinin 139,74 milyard manat, 2028-ci
ildə isə 148,21 milyard manat səviyyəsində olacağı gözlənilir.
Sonrakı dövrdə iqtisadiyyatın sabit artım trayektoriyasını
qoruyacağı proqnozlaşdırılır: 2029-cu ildə nominal ÜDM 157,51
milyard manat, 2030-cu ildə 167,37 milyard manat və 2031-ci ildə
177,97 milyard manat təşkil edəcək.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın nominal ÜDM-i 2023-cü
ildə 123,13 milyard manat, 2024-cü ildə isə 126,52 milyard manat
olub.
BVF qeyri-neft iqtisadiyyatının artımın əsas hərəkətverici
qüvvəsi olaraq qalacağını gözləyir. Proqnozlara görə, nominal
qeyri-neft ÜDM-i 2025-ci ildəki 92,31 milyard manatdan 2026-cı ildə
100,7 milyard manata yüksələcək.
Artımın 2027-ci ildə 109,02 milyard manata, 2028-ci ildə 117,39
milyard manata və 2029-cu ildə 126,36 milyard manata çatacağı
gözlənilir. Fondun qiymətləndirməsinə əsasən, qeyri-neft ÜDM-i
2030-cu ildə 136,02 milyard manat, 2031-ci ildə isə 146,41 milyard
manat təşkil edəcək.
Müqayisə üçün, nominal qeyri-neft ÜDM-i 2023-cü ildə 78,99
milyard manat, 2024-cü ildə isə təxmini olaraq 86,24 milyard manat
olub.
“Gələcəyə nəzər saldıqda, neft və qaz hasilatında davam edən
zəiflik və qeyri-neft ÜDM artımının müəyyən sürətlənməsi fonunda
2026-cı ildə ÜDM artımının 2,1 faiz təşkil edəcəyi, daha sonra isə
orta müddətli perspektivdə təxminən 2,5 faizə qədər yavaşlayacağı
gözlənilir”, – deyə BVF-dən bildirilib.
“Xarici inflyasiya təzyiqlərinin zəifləyəcəyi və fiskal
konsolidasiyanın davam edəcəyi təqdirdə inflyasiyanın 2026-cı ilin
sonunadək 5 faizə, 2027-ci ilin sonunadək isə 4 faizə enəcəyi
gözlənilir. Cari əməliyyatlar hesabının saldosunun 2026–2027-ci
illərdə müsbət qalacağı proqnozlaşdırılır. Azərbaycanın Mərkəzi
Bankının və SOFAZ-ın məcmu ehtiyatları artmaqda davam edəcək, lakin
artım daha yavaş templərlə olacaq”, – deyə fonddan əlavə
edilib.

