
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanla Rumıniya arasında ticarət
əməliyyatlarının həcmi 100,966 milyon ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 14,038 milyon ABŞ dolları və ya 12,2% azdır.
Bu ilin yanvar ayında Azərbaycandan Rumıniyaya 96,9 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 9,3 milyon ABŞ dolları və ya 8,7% azdır.
Hesabat ayı ərzində Azərbaycandan Rumıniyaya ixrac
əməliyyatlarının 93,7 milyon dollarını bitumlu süxurlardan alınmış
xam neft və xam neft məhsulları təşkil edib. Sözügedən məhsulların
həcmi isə 197 min tona bərabər olub. Bu da 2025-ci ilin yanvar
ayındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 11,1 milyon ABŞ
dolları və ya 10,6% az, həcm baxımında isə 12,5 min ton və ya 6,8%
çoxdur.
Hesabat dövründə Rumıniyadan Azərbaycana isə 4,027 milyon ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci
ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon ABŞ dolları və ya 2,2
dəfə azalma deməkdir.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə
3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%
azdır.
Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,
1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və
ya 36,5% azalıb.
Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%
azdır.

