
Bakı. Trend:
Xaricdə yaşayan bir qrup anti-azərbaycanlı ünsürün növbəti dəfə
çirkin niyyətlərini açıq şəkildə ortaya qoyması heç kim üçün
təəccüblü deyil. Bu radikal və aqressiv qrup özlərinin mənəvi
səviyyəsinə uyğun davranış sərgiləyərək ABŞ-nin paytaxtı Vaşinqton
şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
qaldığı hotelə zorla daxil olmağa cəhd göstəriblər.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, bu ünsürlər qeyri-etik ifadələr, təhqir və
zorakılığa çağırışlarla müşayiət olunan davranışları ilə
təhlükəsizlik kordonunu yarmağa çalışıblar:
“Sosial şəbəkələrdə yayılmış videolardan da açıq-aşkar görünür
ki, məqsəd təkcə səs-küy yaratmaq deyil, həm də dövlətimizin
başçısının təhlükəsizliyinə kölgə salmaq, Azərbaycan dövlətinə
qarşı düşmən münasibəti nümayiş etdirmək olub. Xüsusilə vurğulamaq
lazımdır ki, bu cür ünsürlər nə söz azadlığını, nə də “etiraz
hüququnu” təmsil edir. Onlar siyasi sifarişlə hərəkət edən, radikal
düşüncə ilə zəhərlənmiş, nifrət və Azərbaycan dövlətinə qarşı
düşmənçilik üzərində varlığını quran marginal qruplardır”.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidentinə
qarşı yönələn istənilən təzyiq və ya təxribat cəhdi bütövlükdə
dövlətimizə qarşı atılmış addımdır:
“Prezident İlham Əliyev Azərbaycanı təmsil edir və onun
təhlükəsizliyinə, nüfuzuna və fəaliyyətinə qarşı yönələn hər hansı
aqressiv addım birbaşa ölkəmizə qarşı yönəlmiş addımdır. Harada baş
verməsindən asılı olmayaraq, bu kimi hadisələr Azərbaycan dövlətinə
qarşı aparılan qarayaxma və təzyiq kampaniyalarının tərkib hissəsi
kimi dəyərləndirilməlidir. Xüsusilə diqqətçəkən məqam ondan
ibarətdir ki, bu təxribat Ermənistanla sülh sazişinin imzalanmalı
olduğu bir ərəfədə baş verir. Təsadüfi deyil. Məhz bu mərhələdə
bəzi revanşist və radikal qüvvələr regionda dayanıqlı sülhün
bərqərar olmasını əngəlləmək, gərginliyi yenidən alovlandırmaq və
konstruktiv prosesi pozmaq üçün hərəkətə keçiblər. Onlar anlayırlar
ki, Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri onların
illərlə qidalandığı münaqişə və xaos siyasətini iflasa
uğradır”.
S.Salmanova qeyd edib ki, Azərbaycan dövləti güclü liderliyi və
prinsipial mövqeyi ilə bu cür çirkin ssenariləri dəfələrlə puça
çıxarıb:
“Bu dəfə də həmin qüvvələrin niyyəti ifşa olundu. Sülhə qarşı
olanlar əslində regionun sabitliyinə, xalqların təhlükəsiz
gələcəyinə qarşı çıxanlardır. Onlar bilməlidirlər ki, Azərbaycan
xalqı öz Prezidentinin ətrafında sıx birləşib və Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən, prinsipial və
milli maraqlara söykənən daxili və xarici siyasəti tam şəkildə
dəstəkləyir. Prezident İlham Əliyev müasir Azərbaycan dövlətinin
güclənməsini təmin edən, ölkəni regional və qlobal miqyasda söz
sahibi edən lider kimi tarixi məsuliyyəti qətiyyətlə daşıyır. Onun
ardıcıl siyasi xətti Azərbaycanın suverenliyini, təhlükəsizliyini
və beynəlxalq nüfuzunu möhkəmləndirib, regionda sülh və əməkdaşlıq
üçün real zəmin yaradıb. Bu gün aparılan siyasət milli maraqlara,
praqmatik hesablamalara və uzunmüddətli strateji baxışa əsaslanır.
Məhz buna görə də bu kimi təxribatlar, aqressiya və ucuz şoular
Azərbaycan dövlətinin iradəsini sarsıda bilməz. Prezident İlham
Əliyevin qətiyyətli mövqeyi və xalqımızın dəstəyi ilə Azərbaycan
sülh yolunda inamla irəliləyir və bu yoldan geri dönməyəcək”.

