
Bakı. Trend:
19 fevral tarixində Latviya Respublikasının paytaxtı Riqa
şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və
Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk
konsulluq məsləhətləşmələri keçirilib.
Trend xəbər
verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq
İdarəsinin rəisi Emil Səfərov, Latviya nümayəndə heyətinə isə
Latviya Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq və
Diplomatik Məsələlər Direktoratlığının baş direktoru xanım Agnese
Kalnina rəhbərlik edib.
Latviya nümayəndə heyətində Latviya Respublikasının sərhəd
xidməti, o cümlədən həmin ölkənin miqrasiya idarəsinin
nümayəndələri də təmsil olunub.
Görüşdə, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyinin nümayəndəsi da iştirak edib.
Məlumatda qeyd olunub ki, konsulluq məsləhətləşmələri zamanı
Azərbaycan üçün strateji tərəfdaş ölkə olan Latviya ilə konsulluq
sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o
cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və
konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən
keçirilib.
Danışıqlar zamanı tərəflər konsulluq sahəsi ilə yanaşı ədliyyə,
hüquq mühafizə, prokurorluq, miqrasiya, təhsil sahəsində çoxtərəfli
və ikitərəfli əməkdaşlıq perspektivləri, əlaqələrin
genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Daha sonra nümayəndə heyəti Latviya Respublikasının Daxili İşlər
Nazirliyinin dövlət katibinin müavini Kaspars Abolins tərəfindən
qəbul edilib. Görüş zamanı iki ölkənin daxili işlər orqanları
arasında əlaqələrin genişləndirilməsi və müvafiq sahə üzrə
müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məsələləri nəzərdən
keçirilib.

