
Bakı. Trend:
“Uşaq hüquqları haqqında” qanun layihəsində uşaq hüquqları üzrə
dövlət təminatlarının daha aydın və sistemli formada təsbit
olunması, xüsusilə çətin həyat şəraitində olan uşaqlarla bağlı
müdafiə mexanizmlərinin gücləndirilməsi müsbət addımdır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin
bugünkü plenar iclasında “Uşaq hüquqları haqqında” qanun
layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili xatırladıb ki, layihədə kimsəsiz və ya sosial
təhlükəli vəziyyətdə olan uşaqların hüquqlarının qorunması və
sosial reabilitasiya məsələləri əksini tapır:
“Bu maddədə nəzərdə tutulan müdafiə mexanizmləri ilə
yanaşı,müvafiq icra hakimiyyəti orqanlarının konkret hesabatlılıq
öhdəlikləri, monitorinq və qiymətləndirmə mexanizmləri də normativ
şəkildə daha dəqiq müəyyən edilməlidir. Xüsusilə sosial
reabilitasiya tədbirlərinin icrasına dair dövri hesabatların
hazırlanması və nəticəyönümlü qiymətləndirmə mexanizminin tətbiqi
qanunun praktik effektivliyini artırır”.
Deputat bildirib ki, layihə çətin həyat şəraitində olan uşaqlara
sosial xidmət müəssisələrində göstərilən xismətlərin keyfiyyət
tələblərini müəyyən edir:
“Bu maddənin məntiqi davamı olaraq uşaqların rəqəmsal mühitdə
təhlükəsizliyimnə dair konkret müddəalar da əlavə edilməlidir.
Xüsusilə zorakılıq, aqressiya və asılılıq yaradan kompüter
oyunlarının istifadəsinin məhdudlaşdırılması, valideyn nəzarəti
alətlərinin təşviqi, təhsil müəssisələrində rəqəmsal təhlükəsizlik
və media savadlılığı üzrə sistemli maarifləndirmə tədbirlərinin
keçirilməsi, oyun və digər rəqəmsal kontent üzrə məcburi yaş
kateqoriyası sisteminin tətbiqi və nəzarət mexanizminin
gücləndirilməsi qanunvericilik səviyyəsində öz əksini
tapmalıdır”.
V.İskəndərov əlavə edib ki, uşaqların qarşılaşdığı risklərin
mühüm hissəsi artıq fiziki mühitdən deyil, məhz rəqəmsal mühitdən
qaynaqlanır.
“Ona görə də uşaqların psixoloji və mənəvi inkişafının qorunmasl
yalnız sosial müdafiə mezanizmləri ilə deyil, eyni zamanda
texnoloji təhlükəsizlik siyasəti ilə bağlıdır.
Bir çox inkişaf etmiş ölkələr bu istiqamətdə konkret hüquqi
mexanizmlər formalaşdırır. Biz də uşaqların sağlam, təhlükəsiz və
balanslı rəqəmsal mühitdə böyüməsini təmin etmək üçün qabaqlayıcı
addımlat atmalıyıq”, – deyə o fikrini tamamlayıb.

