
Bakı. Trend:
Azərbaycanın dünyada artan nüfuzu, ABŞ kimi supergüclə bərabər
sülh və təhlükəsizliyə töhfə verməsi ölkəmizə qarşı düşmənçilik
siyasəti yürüdən dairələri daha da azğınlaşdırıb.
Bunu Trend-ə
siyasi şərhçi, Trend BİA-nın baş direktorunun müavini Sahil Kərimli
bildirib.
O qeyd edib ki, Sülh Şurasının ilk iclasının keçirildiyi ərəfədə
bir qrup radikal ünsürün təxribat törətməsi antiazərbaycan və
ermənipərəst siyasi dairələrin növbəti rəzil əməlidir:
“Azərbaycan adına ləkə olan bu şəxslərin əsas məqsədi bir
mərkəzdən aldıqları tapşırıqla ölkəmizi gözdən salmaq, nüfuzuna
xələl gətirmək, guya Azərbaycana iyrənc təzyiq göstərərək nəyəsə
nail olmağa cəhddən ibarətdir. İstər Münxendə keçirilən tədbirlər
zamanı Avropadakı mühacirlərin törətdiyi təxribatlar, istərsə də
Amerikada baş verən son hadisələr açıq-aydın göstərir ki, bir qrup
siyasi dairələr bu üsulla Azərbaycanı milli maraqlara əsaslanan
siyasətdən çəkindirməyə, xüsusilə bəzi tələblərini qəbul etdirməyə
çalışırlar”.
Siyasi şərhçi bildirib ki, bu kimi cılız ssenarilər və mənfur
cəhdlər həmişə olduğu kimi yenə iflasa uğrayıb. Çünki həmişəki tək
ortada Azərbaycan dövlətinin sərt və qətiyyətli siyasi idarəsi
var:
“Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin Amerika
polisi ilə birgə qarşısını peşəkarlıqla aldığı təxribatın
videogürüntüləri reallığın nədən ibarət olduğunu bir daha göstərdi.
Biz yaxşı bilirik ki, Amerika hüquq mühafizə orqanları polisə
müqavimət hallarında çox sərt tədbirlər həyata keçirir. Hətta
etirazçılara silahdan atəş də açılır. Videolarda aydın görünür ki,
Amerika polisi bir neçə dəfə əlini belindəki silaha ataraq
təxribatçılara atəş açmaq istəyir. Amma bunun qarşısını Prezidentin
təhlükəsizlik xidmətinin əməkdaşları alır. Təxribatçılar sadəcə
ərazidən uzaqlaşdırılır”.
Sahil Kərimli onu da əlavə edib ki, xaricdəki ermənipərəst
dairələrin son dövrlərdə törətdiyi təxribatlar və iyrənc hərəkətlər
Azərbaycan ictimaiyyətində çox ciddi hiddət yaradıb və xalqımız bu
yaramaz məxluqları haqlı olaraq lənətləyir.

