
Bakı. Trend:
Qanuna “pitçinq” (“pitching”) anlayışının da əlavə edilməsinə
ehtiyac var. Dövlət büdcəsindən maliyyələşən filmlərin satınalma
proseduru ilə həyata keçirilməsi praktikada kino istehsalını
inzibati tender predmetinə çevirir. Kino istehsalı satınalma deyil,
yaradıcı seçim, müsabiqə – pitçinq predmetidir. Dövlət dəstəyi
mexanizmi sürətli yaradıcı müsabiqə əsasında qurulmalıdır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin
Mirzəbəyli parlamentin bugünkü plenar iclasında “Kinematoqrafiya
haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin
müzakirəsi zamanı deyib.
Millət vəkili həmçinin bildirib ki, qanuna müasir dövrün
tələblərini nəzərə alaraq “audiovizual məhsul” anlayışının da əlavə
edilməsinə ehtiyac var:
“Kinomatoqrafiya anlayışının çərçivəsinə daxil olan məhsullar
təkcə kinofilmlərdən ibarət deyil, serial, animasiya, platforma
məzmunu, sənədli ekran əsərləri də bu sahəyə aid edilir. Sahənin
inkişafı üçün audiovizual məhsul anlayışının da qanunvericilikdə
yer almasının zəruridir”.
E.Mirzəbəyli vurğulayıb ki, hazırda qüvvədə olan
qanunvericilikdə yer alan “debüt filmlər” anlayışının da beynəlxalq
praktikaya uyğunlaşmasının zəruridir:
“Mövcud qanunvericilikdə “debüt filmlər — kinematoqrafiya
sahəsində peşəkar yaradıcı işçinin ilk yaradıcılıq işi” kimi şərh
olunur. Beynəlxalq praktikada isə “debüt filmlər” ilk iki işi əhatə
edir”.
Deputat əlavə edib ki, inkişaf etmiş kino bazarlarında əsas yük
özəl sektorun üzərindədir.
“Dövlət və özəl sektor münasibətləri, sponsor və investorların
rolu, alternativ maliyyə mənbələrinin inkişafı da qanunda prioritet
kimi göstərilməlidir”, – deyə o fikrini tamamlayıb.

