
Bakı. Trend:
Beynəlxalq enerji şirkəti “Gran Tierra” 2026-cı ildə hava
kəşfiyyatı işlərinə başlamağı, daha sonra isə 2027-ci ildə seysmik
tədqiqatlar aparmağı və quyular qazmağı planlaşdırır.
Trend şirkətə
istinadən xəbər verir ki, bu tədbirlərin şirkətin əməliyyat
fəaliyyətindən proqnozlaşdırılan xalis pul axını hesabına
maliyyələşdirilməsi planlaşdırılır.
İşlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə
imzalanmış, Azərbaycanın Quba-Xəzəryanı regionunda yerləşən
perspektivli qurudakı sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın
Pay Bölgüsü Sazişi çərçivəsində həyata keçiriləcək.
Qeyd olunur ki, Azərbaycan dünyanın ən iri ənənəvi neft və qaz
yataqlarına malik, dünya səviyyəli region hesab olunur.
Məlumata görə, müqavilə zonası uzunluğu təxminən 65 km olan və
100 milyon bareldən çox neft, eləcə də 200 milyard kub futdan artıq
təbii qaz hasil etmiş strukturu əhatə edir ki, bu da Azərbaycanın
neft-qaz sisteminin miqyasını və keyfiyyətini təsdiqləyir.
“Gran Tierra kəşfiyyat, qiymətləndirmə, işlənmə və
optimallaşdırma sahəsində sınaqdan çıxmış təcrübəsini tətbiq edə
biləcək, şirkətin əsas texniki və əməliyyat imkanlarını Avropa
bazarlarına strateji çıxış və aydın, kapital baxımından səmərəli
işlənmə planları ilə birləşdirəcək.
Şirkət Müqavilə Zonasında 65 faiz iştirak payı (“WI”) və
operator statusu əldə edib. Bu zona ümumi olaraq təxminən 0,4
milyon akr ərazini əhatə edir ki, bu da şirkətin Ekvadordakı mövcud
sahəsindən iki dəfədən çoxdur.
Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişinin
(Exploration, Development and Production Sharing Agreement, EDPSA)
müddəti kəşfiyyat və qiymətləndirmə üçün 5 il, iqtisadi cəhətdən
məqsədəuyğun hesab edilən hər hansı kəşfin işlənməsi üçün isə 25
ildir və işlənmə mərhələsinin əlavə 5 il uzadılması imkanı
mövcuddur”, – deyə şirkət bildirib.
Vurğulanır ki, kəşfiyyat dövrü ilkin üçillik mərhələdən və onun
ardınca gələn ikinci ikiillik mərhələdən ibarətdir:
“İlkin mərhələdə qravitasiya tədqiqatının aparılması, iki
quyunun qazılması və 250 km² həcmində 3D seysmik məlumatların
toplanması planlaşdırılır. İkinci mərhələdə əlavə iki quyunun
qazılması və daha 250 km² 3D seysmik məlumatların əldə edilməsi
nəzərdə tutulur. İlkin mərhələnin tamamlanmasından sonra şirkətin
ikinci mərhələyə keçmək hüququ var.”
Xatırladaq ki, 19 fevral 2026-cı il tarixində SOCAR ilə “Gran
Tierra Energy Inc.” şirkəti arasında Azərbaycanın Quba-Xəzəryanı
regionunda yerləşən perspektivli qurudakı perspektiv sahəsi üzrə
Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.

