Kərəm Mansurov: Məhkəmə sistemində süni intellektin tətbiqi institusional məsuliyyətdir

Baş səhifə

Bu gün məhkəmə sistemində süni intellektin tətbiqi yalnız texnologiya məsələsi deyil, artıq institusional məsuliyyət məsələsidir.

APA xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Hakimlərin II Forumu çərçivəsində baş tutan “Rəqəmsallaşma və süni intellektin tətbiqi” adlı panel müzakirədə deyib.

O bildirib ki, süni intellekt hakim qərarını əvəz etmir, onu daha keyfiyyətli və əsaslandırılmış edir, hakimin analitik imkanlarını genişləndirir. Əsas hədəf isə dəyişmir: ədalətli, əsaslandırılmış və ictimai etimada layiq məhkəmə qərarı.

Onun sözlərinə görə, hazırda sistem üzərindən 13 qurumla 23 istiqamət üzrə inteqrasiya aparılır: “Süni intelektin məhkəmələrin fəaliyyətində tətbiqi və məlumat mübadilələri ilə əlaqədar sorğumuz əsasında hakim korpusundan xeyli əsaslı təkliflər daxil olub və həmin təkliflər təhlil edilməkdədir. Eyni zamanda, müvafiq sistem kritik informasiya obyekti olduğundan kibertəhlükəsizlik ilə əlaqədar, Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə bu sahədə sıx əməkdaşlıq davam etdirilməkdədir. Habelə təhlükəsizlik baxımından əsas və ehtiyat serverdən Hökümət buluduna keçidlə bağlı zəruri addımlar atılmaqdadır”.

K.Mansurov deyib ki, hazırda “Elektron məhkəmə” sisteminin təkmilləşdirilməsi üzrə işlər yekunlaşmaq üzrədir.

Aparat rəhbəri əlavə edib ki, bu günədək “Elektron məhkəmə” informasiya sisteminin şəxsi kabinetində 252.076 istifadəçi qeydiyyatdan keçib: “Ümid edirik ki, aparılan islahatlar və görülən işlər nəticəsində yaxın zaman bu sayın dəfələrlə artacağının şahidi olacağıq”.

O deyib ki, məhkəmə sistemində rəqəmsallaşma yalnız texnoloji modernləşmə deyil, ədalət mühakiməsinin keyfiyyəti, əlçatanlığı, səmərəliliyi və etibarlılığının artırılması vasitəsidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir