
Bakı. Trend:
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti
qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində
ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı
səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, fevralın 20-də
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu
tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin Nazirlik
tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə
külli miqdarda zərgərlik məmulatlarını (1.683.298 manat dəyərində)
Azərbaycan Respublikasının dövlət sərhədində bəyan etmədən
qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə (Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham
edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səməd-zadə Tural Akif
oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o,
həbs edilib.
Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun
tələb olunan sənədlərin təqdimatından, habelə aparılan
danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı
razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq
aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin
ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Səməd-zadə Tural Akif oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq
əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin
məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən
ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq
istintaq təcridxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam
etdirilir.

