
Bakı. Trend:
Qudyalçayın Xaçmaz rayonunun Xaspoladoba kəndi ərazisindən keçən
hissəsində yerləşən və 10 minədək əhalinin yaşadığı 9 kəndi rayon
mərkəzi ilə birləşdirən qəzalı körpü əsaslı şəkildə yenidən
qurulur.
Trend xəbər
verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi
ilə yenilənən körpü Xaspoladoba və ətraf kəndlərdə yaşayan
sakinlərin rayon mərkəzinə təhlükəsiz, rahat və fasiləsiz
gediş-gəlişinə şərait yaradacaq.
Layihəyə əsasən, körpünün eni 12 metr, uzunluğu 63 metr olmaqla
3 aşırımlı inşa edilməsi nəzərdə tutulur.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev körpü
keçidində tikintinin gedişi ilə maraqlanıb. Məlumat verilib ki,
yeni körpü müasir standartlara uyğun inşa olunur. İşlərin qısa
müddətdə başa çatdırılması üçün əraziyə kifayət qədər işçi qüvvəsi
və texnika cəlb olunub.
Elnur Rzayev layihədə nəzərdə tutulan işlərin vaxtında və
keyfiyyətlə yerinə yetirilməsi üçün iş icraçılarına müvafiq
tövsiyələrini verib.

